Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/
Tərtər rayonunda yeniyetmələr arasında baş verən mübahisə ölümlə nəticələnib.
Trend EL TV-yə istinadən xəbər verir ki, mübahisə rayonun Hüsənli kənd sakini Fərahim Əlizadə və həmkəndlisi Vasif Əliyev arasında olub. Bu zaman Fərahim Əlizadə Vasif Əliyevə 26 bıçaq zərbəsi vurub. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Fərahim Əlizadə könüllü olaraq Tərtər Rayon Polis Şöbəsinə gələrək əməlini etiraf edib və qətldə istifadə etdiyi bıçağı polis əməkdaşlarına təhvil verib. Rayon prokurorluğundan bildirilib ki, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi açılıb.