Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/
Bakıda silsilə oğurluq törətmiş iki nəfər tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Qusar rayon sakini Namiq Musayev və Xaçmaz rayon sakini Rafiq Murtuzəliyev tutulublar.
Onlar iyunun 18-də Hövsan qəsəbəsində yaşayan Telnaz Ələsgərovaya məxsus mağazadan ərzaq məhsulları, tütün məmulatları, iyulun 4-də Əbülfət Məmmədrzayevin evindən pəncərədən keçmək yolu ilə 228 manat, iyulun 14-də Vüsal Nağıyevin evindən qızıl-zinət əşyaları, sentyabrın 4-də Ş.Ziyadov küçəsində yaşayan Ramiz Ələkbərovun evinin zirzəmisindən qaynaq aparatı, qaz sobası, 100 metr elektrik naqili, sentyabrın 18-də Zığ qəsəbəsində Əfiyyə Nağıyevanın mağazasından ərzaq malları, sentyabrın 19-da Hövsan qəsəbəsində yaşayan Ramin Əliyevə məxsus həmin ünvanda yerləşən mağazadan 3 ədəd mobil telefon, ərzaq məhsulları, 70 manat və sentyabrın 19-da E.Məmmədov küçəsində yaşayan Vahid Nəğıyevin evindən isə 2200 manat, sırğa və fotoaparat oğurlamaqda şübhəli bilinirlər.