Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycan sərhədlərini pozmağa cəhd etmiş 4 İran vətəndaşı saxlanılıb. Onlardan 2 nəfəri narkotik qaçaqmalçılığı məğul olurmuş.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə 2 nəfər tərəfindən dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları geriyə qaçmağa cəhd ediblər. Həyata keçirilən tədbirlər nəticəsində İran İsam Respublikasının vətəndaşları - 1995-ci il təvəllüdlü Məmmədzadə Səid Mustafa və 1989-cu il təvəllüdlü İbrahimi Tohid Əli saxlanılıb.
Digər hadisə isə Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər İran İslam Respublikası vətəndaşı - 1987-ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Sahimüqəddə Həsən saxlanılıb. Sərhəd pozucularının üzərinə baxış zamanı onlardan 7 kiloqram tiryək, 350 qram heroin, 3270 qram marixuana, 1 ədəd gecəgörmə cihazı aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.