Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanın gömrük orqanları tərəfindən ölkəyə Qazaxıstandan külli miqdarda yükün qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Bakı Baş Gömrük İdarəsinin "Bərə keçidi" gömrük postunda Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə "Ağdam" gəmisi ilə daxil olmuş yüklərə və həmin gəmiyə gömrük baxışı keçirilərkən, gəmidə işləyən bosmana məxsus olan otaqların birindən içərisində müxtəlif spirtli içkilər olan 19 qutu, gəminin 1-ci mərtəbəsində olan tryumdan qəza çıxışının altından içərisində spirtli içkilər olan 12 qutu, gəminin mühərrik olan bölməsinin boru olan hissəsindən içərisində spirtli içkilər olan 1 qutu, gəminin giriş hissəsində sol tərəfdə yerləşən otaqdan 1 ədəd təzə "Beko" markalı aspirator və tranzit gömrük proseduranda Qazaxstan Respublikasından Gürcüstan Respublikasına gedən sisterna vaqonlarının hər birinin təkərlərininüzərində olan boşluqdan gömrük nəzarətindən gizlədilərək gətirilmiş hər birinin içərisində təxminən 15 kq olan 6 kisə fındıq ləpəsi, müxtəlif markalı spirtli içkilər olan qutular və 1 ədəd təzə "Beko" markalı aspirator aşkar olunub.
Ümumilikdə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları "Ağdam" gəmisindən bəyan olunmayan 6 kisə fındıq ləpəsi yükü, 2 ədəd aspirator və üzərlərində Azərbaycan Respublikasına məxsus aksiz markaları olmayan müxtəlif markalı 231 ədəd şərab, 55 ədəd araq, 16 ədəd likör, 42 ədəd viski yükü aşkar ediblər.
Faktla bağlı təhqiqat aparılır.