Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda Gürcüstan vətəndaşını girov götürərək buraxılması müqabilində pul tələb etmiş dəstənin üzvləri tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabr ayının 11-dən 14-dək olan müddətdə Gürcüstan vətəndaşı Boris Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayıb öldürəcəkləri ilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb edilib.
Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə idarələri və Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Maçaidzeni girov götürmüş şəxslər tutulub. Məlum olub ki, bunlar girov götürülümüş şəxsin həmyerliləri -Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili olublar.
Faktla əlaqədar cinayət işi başlanılıb.