...

DİN: Bakı və Sumqayıtda kabel oğurlayan 5 nəfər tutulub (FOTO)

Hadisə Materials 29 Mart 2016 15:57 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları ölkədə informasiya proseslərinin mühafizəsinin, sabitliyinin, fasizləsizliyinin, eyni zamanda, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizliyin təmin olunması istiqamətində aparılan əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirir.
DİN: Bakı və Sumqayıtda kabel oğurlayan 5 nəfər tutulub (FOTO)

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları ölkədə informasiya proseslərinin mühafizəsinin, sabitliyinin, fasizləsizliyinin, eyni zamanda bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizliyin təmin olunması istiqamətində aparılan əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il mart ayı ərzində müxtəlif vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından Binəqədi rayonu ərazisində ümumilikdə 920 metr rabitə kabellərinin oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə rayon Polis İdarəsinə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Abbas Əliyev tutularaq istintaqa cəlb edilib.

Müəyyən edilib ki, A.Əliyev müxtəlif vaxtlarda rayondakı ayrı-ayrı ünvanlardan telefon və internet kabellərini kəsərək yaşadığı evin həyətinə gətirib. Daha sonra həmin kabellərdəki misi çıxararaq Qorxmaz Davudov və Faiq Rəhimova məxsus metal qəbulu məntəqələrinə satıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Q.Davudov və F.Rəhimov da saxlanılıblar.

İstintaq zamanı müəyyən edilib ki, Q.Davudov oğurluq malları Sumqayıt şəhərində yerləşən "Bakı Mis İstehsalı" MMC-yə, F.Rəhimov isə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki "Elit Yatırım və Ticarət LTD STİ" MMC-yə təhvil veriblər.

A.Əliyevin yaşadığı evə baxış keçirilərkən əlavə olaraq yüksək keyfiyyətli və müasir rabitə qurğuları üçün nəzərdə tutulan 110 metr optik kabel də aşkar edilərək götürülüb.

Rabitə kabellərinin oğurlanması barədə daxili işlər orqanlarına daha bir məlumat isə "Aztelekom" İB-nin Sumqayıt Şəhər Telekommunikasiya Qovşağından daxil olub. Müraciətdə işlək vəziyyətdə olan 32 metr uzunluğunda kabelin dirəklərdən kəsilərək aparıldığı bildirilib.

Sumqayıt Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev və Hikmət Fərəcov saxlanılıblar.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, əlvan metalların məntəqələr tərəfindən alqı-satqısı zamanı heç bir sənədləşmə olmur və bütün əməliyyatlar nağd hesablaşmalar vasitəsilə aparılır.

DİN əlvan metalların qəbulunu və satışını həyata keçirən vətəndaşlara, həmçinin özəl müəssisə və qəbul məntəqələrinin sahiblərinə, bu işlə məşğul olan bütün sahibkarlara müraciət edərək bildirir ki, öz fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti