...

"Şeron"un sabiq üzvündən hədələyib pul alan dəstə üzvlərinə 14 il həbs istənilib

Hadisə Materials 21 İyun 2017 16:47 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilənlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Şeron"un sabiq üzvündən hədələyib pul alan dəstə üzvlərinə 14 il həbs istənilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Əfsun Quliyev və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror təqsirləndirilən şəxslərin hər birinin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 6-da davam etdiriləcək.

İttihama görə, özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim edən dəstə üzvləri 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvar ayınadək "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları tələb ediblər və pulun çatdırılması üçün vaxt qoyublar. Təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonunda İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 500 dollar alıblar. Daha sonra isə İ.Məmmədovun "Mercedes Benz" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatını çıxıblar.

Onlar 2016-cı ilin noyabr ayının 30-da R.Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə R. Qasımovdan qalan 12 min manatı istəyərkən tutulublar.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə.Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti