Bakı. Samir Əli - Trend:
Saatlı rayonunun Naharlı kənd sakininin odlu silah saxlaması barədə polisə məlumat daxil olub.
DİN-dən Trend-ə verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən məlumatın yoxlanılması məqsədilə Naharlı kənd sakini, əvvəllər məhkum olunmuş Zəkəray Xanalıyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman otaqların birində məişət əşyalarının və təsərrüfat alətlərinin saxlandığı qədim sandıqdan 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” tipli tapança, 1 ədəd səs tapançası, 22 ədəd patron və ov tüfənginə aid 35 ədəd boş giliz aşkar edilib.
Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.