Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin və Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə, təqsirləndirilən şəxslər barədə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və məhkəmə iclas zalından azadlığa buraxılıblar.
İttihama görə, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru olub və A.Əşrəfov isə həmin MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək onların əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.