...

Gəncədə 14 ədəd top mərmisi aşkarlanıb (FOTO)

Hadisə Materials 16 Yanvar 2020 00:31 (UTC +04:00)
Gəncə şəhəri, “Kukla” teatrının yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub
Gəncədə 14 ədəd top mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Yanvarın 15-i saat 18:26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, “Kukla” teatrının yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən xəbərə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə Regional Mərkəzinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Gəncə çayının sağ sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əl arabasında 4 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, ətrafında 300 kv.m əraziyə yerüstü baxış zamanı məişət tullantıları ərazisindən daha 10 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 yanvar 2020-ci il tarixlərində 11 siqnal (əməliyyat çağırışı) əsasında 9 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə, çay sahilinə baxış keçirilmiş, 34 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina, 455 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 3 170 kv.m ərazi yerüstü və 286 kv.m ərazi yeraltı yoxlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti