Bakı. Trend:
Çində idman zalının damının uçması nəticəsində 11 nəfər həlak olub.
Trend xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki məktəblərdən birində baş verib.
Belə ki, qadınlardan ibarət voleybol komandasının istifadəsində olan zaman məktəbin idman zalının damı çöküb. Nəticədə 11 nəfər həlak olub.
Şahidlərin yerli mediaya bildirdiyinə görə qurbanların çoxu uşaqlardır, lakin bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.
Hadisə zamanı idman zalında olan 19 nəfərdən yalnız 8-i sağ qalıb.
İlkin təhqiqat nəticəsində hadisəyə qanunsuz olaraq dama döşənmiş vulkanik şüşə olan perlitin səbəb olduğu müəyyən edilib. Belə ki, yağış suyunu özünə hopduran perlit nəticədə damın çökməsinə səbəb olub.