Bakı. Trend:
2024-cü il ərzində Azərbaycanda qeydə alınmış 33379 cinayət hadisəsinin 8863-ü və ya 26,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2023-cü ilin göstəricisindən 11,9 faiz azdır.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bildirilir ki, həmin cinayətlərin 63,2 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 faizini isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 7245 şəxs müəyyən edilmişdir. Onların 36,3 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 68,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 3,1 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,4 faizi 18-24 yaşlı, 14,8 faizi 25-29 yaşlı gənclər, 77,7 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
Bununla yanaşı, 2024-cü il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2420 inzibati xəta qeydə alınıb ki, onlardan da 96-sı qadınlar tərəfindən törədilib.
Eyni zamanda, 2024-cü ildə 9330,9 kiloqram və ya əvvəlki ilin göstəricisi ilə müqayisədə 47,1 faiz çox narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və tərkibində narkotik maddələr olan bitkilər müsadirə edilərək götürülüb. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 5634,4 kiloqramını marixuana, 2688,9 kiloqramını ölkə ərazisində bitən, tərkibində narkotik maddələr olan bitkilər, 554,2 kiloqramını heroin, 217,5 kiloqramını psixotrop maddələr (onlardan 216,5 kiloqramı metamfetamin), 185,3 kiloqramını tiryək, 38,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 11,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.