...

Yeni ildə daha ağıllı olmaq üçün nə etmək lazımdır?

Maraqlı Materials 3 Yanvar 2012 17:08 (UTC +04:00)
Yeni ildə daha da ağıllı olmaq üçün nə etmək lazımdır? Buna əldə edilən yeni elmi uğurlar kömək edə bilər.
Yeni ildə daha ağıllı olmaq üçün nə etmək lazımdır?

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Yeni ildə daha da ağıllı olmaq üçün nə etmək lazımdır? Buna əldə edilən yeni elmi uğurlar kömək edə bilər. Trend-in məlumatına görə, bu barədə "The Daily Beast" xəbər verir.

Alimlər məişətdə yerinə yetirilməsi çətin olmayan bir sıra tövsiyələr versələr də, jurnalist Şeron Beqlinin sözlərinə görə, onlar guya intellekti möhkəmləndirən qida haqqında əfsanələri alt-üst edirlər.

Ən çox şey vəd edən ixtira intellekt əmsalını (IQ) artırmağın mümkünlüyü ilə bağlıdır. "Uzun müddət hesab edilirdi ki, IQ lap uşaqlıqdan az və ya çox dərəcədə dəyişməz qalır", - müəllif xatırladır. Lakin əgər "Nature" jurnalında dərc olunan məqaləyə inansaq, IQ dörd il ərzində 21 bənd arta və 18 bənd azala bilər. Tədqiqata rəhbərlik edən Londondakı universitet kollecinin əməkdaşı Keti Prays izah edir ki, fərq olduqca böyükdür. Misal üçün, 110 bənd "orta statistik intellektdir".

Praysın tədqiqatında 12-20 yaşlı şəxslər iştirak edib. Lakin Prays özü hesab edir ki, onun araşdırmalarının nəticələri bütün yaşdan olan insanlar üçün doğrudur. İş burasındadır ki, alimlər bu yaxınlarda aşkar ediblər ki, beynə "neyroplastiklik" xasdır, o, hətta 60-70-dən yuxarı yaşlarda yeni neyronlar yaradır.

Bununla əlaqədar müəllif xatırladır ki, sensor-hərəkətedici qabiliyyətini koqnitiv yaxşılaşdırmaq mümkündür. "Toxumanı, klassik musiqidən baş çıxarmağı və ya jonqlyorluq etməyi öyrənin. Bununla sizin şəxsi IQ-nin yüksəlməsi mümkündür", - o, tövsiyə edir.

Digər gözlənilməz kəşf 2008-ci ildə edilib. Sən demə, qısamüddətli yaddaş intellektin ümumi səviyyəsinin dayağıdır. ABŞ-ın Miçiqan Universitetindən Süzan Ceqqlinin rəhbərliyi altında alimlər bir qrup yaşlı şəxsin qısamüddətli yaddaşını inkişaf etdirmək üçün çətin tapşırıqların yerinə yetirilməsi ilə məşqlər aparıblar. İştirakçılar nə qədər çox məşq ediblərsə, onların məntiqi düşünmək və tapşırıqları həll etmək qabiliyyətləri bir o qədər yaxşılaşıb.

İntellektual səviyyənin yüksəldilməsinin daha bir üsulu kimi beynin diqqəti cəmləşdirmək bacarığının yaxşılaşdırılması tövsiyə olunur. Bunun üçün bəzilərinə dopaminin səviyyəsini artıran stimullaşdırıcı preparatlar kömək edir. Alimlərin məlumatına görə, yaddaş və diqqəti başqa istiqamətə cəlb etmək qabiliyyəti kompüter oyunları oynayanlarda inkişaf edir. Keti Praysın sözlərinə görə, buna güclü maraq da kömək edir: əgər siz nə oxuduğunuza, gördüyünüzə və eşitdiyinizə biganəsinizsə, onda bu, sizin yaddaşınızdan silinir.

Jurnalın məlumatına görə, beyni məşq etdirmək o qədər də çətin deyil. "Həftədə 5 dəfə 30 dəqiqəlik gəzinti beynin neyritrofik amili olan BDNF zülalının ifrazını stimullaşdırır. Bu zülal öyrənmə prosesində yeni neyronların və birləşmələrin yaranmasına səbəb olur", - məqalədə deyilir.

Hippokampı yoran tapşırıqdan sonra gündüz yuxusu nəinki əqli bacarıqları bərpa edir, həm də onları yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Bunu Kaliforniyanın Berkli Universitetinin psixoloqu Metyu Uoker və onun həmkarları aşkar ediblər. Müəllif qeyd edir ki, Nike və Google şirkətləri öz əməkdaşlarına "sakit saat" üçün xüsusi otaqlar ayırmaqda tamamilə doğru hərəkət edir. Uoker müəyyən edib ki, yuxuda hippokamp informasiyanı uzunmüddətli yaddaşa keçirir. Nəticədə informasiya daha yaxşı yadda qalır, yeni məlumatı qəbul etmək bacarığı isə yaxşılaşır.

Beyin hətta nahardan sonrakı istirahət olmadan da dincəlməyə üsul tapır - xəyallara qapılır və ya düşünməyi dayandırır. Yaponiyanın Toxoku Universitetinin alimləri müəyyən ediblər ki, istirahət anında beynin "ağ hüceyrələr"ində qan dövranı nə qədər aktiv olarsa, insan daha tez və cəld novator ideyalar verir. "Smartfonları kənara qoyun və beyninizə "avaralanmaq" imkanı verin", - müəlif tövsiyə edir.

Fərasətli olmağa kofein də kömək edir. Ən yoxlanılmış və eyni zamanda ən çətin strategiya xarici dil öyrənməkdir. İki dildə sərbəst danışmaq baş-beyin hissəsinin alın payını aktiv işləməyə sövq edir ki, bu da tapşırıqları həll etmək qabiliyyətini yaxşılaşdırır, diqqətin yayınmasının və qocalıqla bağlı ağıl kəmliyinin meydana çıxmasını 5 il yubadır.

Bəs görəsən, ağıllanmaq üçün xüsusi pəhriz varmı? Əfsuslar olsun ki, 2010-cu ildə tədqiqatçılar belə bir qənaətə gəliblər ki, bir çox təriflənən reseptlərin heç bir faydası yoxdur. B6, B12 və E vitaminləri ilə qida əlavələri, eləcə də fol turşusu koqnitiv funksiyaların qorunub saxlanmasına heç bir təsir etmir. Aralıq dənizi qida rasionu da (balıq, meyvə, tərəvəz, zeytun yağı) heç bir nəticə vermir. Doğrudur, kurkuma və nar şirəsinin yaddaş və başqa koqnitiv funksiyaları yaxşılaşdırması barədə bəzi məlumatlar var.

Bütün yuxarıda göstərilənlərə əsaslanaraq, jurnal belə bir "ağıllanmaq resepti" təklif edir: "Dada gətirilmiş kofein, sağlam yuxu və aerobika ilə növbələnən mnemonik tapşırıqlar, kompüterdə diqqətin yaxşılaşması üçün tapşırıqlar, oxuma, müşahidə və beynin istirahəti üçün uzun fasilələrlə iş".

Xəbər lenti

Xəbər lenti