Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir M.Salmanov/
İngiltərəli dizayner Stüart Haqis dəyəri 9,4 milyon dollar olan "iPhone 4S" mobil telefonunun dizaynını hazırlayıb. Bununla da onun imzasını daşıdığı "iPhone 4S" dünyanın ən bahalı "iPhone"u adını qazanıb. Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Radikal" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, telefonun dizaynında 500 ədəd brilyant, 24 əyar qızıl arxa qapaq, 8,6 karat brilyantla bəzədilmiş qızıl "home" düyməsindən istifadə edilib.
Bu telefondan yalnız iki ədəd istehsal ediləcək. Alıcıya telefonla birlikdə dəbdəbəli platin saxlama qutusu da təqdim ediləcək. Qutunun üzərində işlənmiş dinozavr sümükləri, opal və digər qiymətli daşlar var.
Haqis bundan əvvəl 8 milyon dollarlıq "iPhone 4: Diamond Rose Edition" telefonunun dizayneri olub.