...

Ən çox sayda milyarderə malik 10 ölkənin adı məlum olub

Maraqlı Materials 6 Oktyabr 2012 15:38 (UTC +04:00)
Aparılan son araşdırma göstərib ki, hətta iqtisadi böhran belə dünyadakı milyarderlərə təsir etməyib.
Ən çox sayda milyarderə malik 10 ölkənin adı məlum olub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Aparılan son araşdırma göstərib ki, hətta iqtisadi böhran belə dünyadakı milyarderlərə təsir etməyib. Əksinə, bir il ərzində onların sərvəti 14 faiz və ya 760 milyarddan 6,19 trilyon dollara qədər fantastik həddə çatıb. "Wealth-X" təşkilatının məlumatına görə, dünyadakı bütün milyarderlərin sayı 9,4 faiz artaraq 2 min 160 nəfərə çatıb. Eyni zamanda, bütün bu insanların hansı ölkələrdə yaşadıqları da araşdırılıb. Trend-in məlumatına görə, bu barədə "Vesti" xəbər verib.

Reytinqdə onuncu pilləni Kanada tutur. Bu ölkədə 40 nəfər rəsmən milyarder kimi qeydiyyata alınıb. Onlar öz aralarında 105 milyard dollarlıq sərvəti bölüşürlər.

Doqquzuncu yerdə 300 milyard dollarlı varidatla 49 milyarderin yaşadığı Braziliyadır. Son bir il ərzində braziliyalı milyarderlərin var-dövləti 3,5 faiz artıb. Qeyd edək ki, Braziliya Latın Amerikasında onluqda yer alan yeganə dövlətdir.

Səkkizinci yerdə İsveçrə qərarlaşıb. Bankların vətəni və son vaxtlaradək dünyanın ən sabit iqtisadiyyatlarından birinə malik olan ölkədə 57 milyarder mövcuddur. Onlar öz aralarında 125 milyard dollarlıq sərvəti bölüşürlər.

Yeddinci yerdə Asiyanın əsas maliyyə mərkəzlərindən biri olan Honkonqdur. Burada 190 milyard dollarlıq sərmayə ilə 64 milyarder yaşayır.

Renkinqdə altıncı yeri Rusiya tutur. O, Honkonqdan cəmi bir bənd geridə qalsa da, milyarderlərin sayına görə beşinci yerə aiddir. Rusiyada 380 milyard dollarlıq sərvətlə 97 milıyarder yaşayır. Son bir il ərzində bu ölkədə milyarderlərin sayı 17 nəfər artsa da, onların ümumi sərvəti 29 faiz azalıb.

Beşliyə daxil olan ölkələrə Hindistan rəhbərlik edir. Burada 190 milyard dollarlıq sərvətə malik 109 milyarder yaşayır. Asiyada üçüncü böyük iqtisadiyyata malik Hindistan Yaponiya və Çinlə birlikdə bütün region üzrə ən varlı şəxslərin 75 faizini bölüşür. Orta hesabla, hər hind milyarderi o qədər də varlı deyil. Ona təxminən 1,7 milyard dollar sərvət düşür.

Dördüncə yerdə Almaniyadır. Bu ölkədə milyarderlərin sayı 137 nəfərdir. Onlar öz aralarında 550 milyard dollarlıq sərvəti bölüşürlər. Qeyd edək ki, Almaniya avro zonasına daxil olan ölkələr sırasında milyarderlərin nisbətən çox sayına malik yeganə ölkədir. Bu ölkənin üç şəhərində-Münhendə, Drüsseldorfda və Hamburqda maksimum sayda həddindən artıq varlı şəxslər yaşayır.

"Bürünc" Böyük Britaniyadadır. Birləşmiş Krallıqda 430 milyardlıq sərvətlə 140 milyarder yaşayır. Bu ölkədəki milyarderlər əhalinin 1,3 faizini təşkil edir. Onlardan hər biri orta hesabla 3,1 milyard dollar sərvətə malikdir.

İkinci yerdə Çindir. Burada 147 nəfər öz aralarında 380 milyard dollarlıq sərmayəni bölüşür. Qeyd edək ki,orta hesabla hər bir Çin milyarderinin payına 2,6 milyard dollar vəsait düşür.

Siyahıya ABŞ liderlik edir. Bu ölkədə 480 milyarder yaşayır. Onların ümumi sərvəti 2,05 trilyon dollardır. İqtisadi çətinliklərə baxmayaraq, son bir il ərzində ABŞ-da milyarderlərin sayı 25 nəfər və ya 5,5 faiz, ümumi sərvətləri isə 8 faiz artıb.

Xəbər lenti

Xəbər lenti