Bakı.Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Suraxanı" tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə (International Congress of Maritime Museums – ICMM) üzv qəbul olunub.
Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.
Gəmi-muzey ICMM-ə üzv seçilməklə, təkcə Azərbaycanın deyil, həm də bütün Qafqaz regionunun bu nüfuzlu təşkilatda təmsil olunan ilk muzeyi statusunu qazanıb.
Bu üzvlük muzeyə beynəlxalq layihələrdə iştirak, təcrübə mübadiləsi və tematik sərgilərdə təmsil olunmaq imkanı verir. Həmçinin bu platforma vasitəsilə Azərbaycanın qədim dənizçilik tarixi və irsi daha geniş auditoriyaya təqdim olunacaq.
Uzun illər Xəzər dənizində tanker kimi fəaliyyət göstərən "Suraxanı" 2021-ci ildə muzeyə çevrilib və hazırda dünyanın ilk və yeganə tanker-muzeyi olaraq fəaliyyətini uğurla davam etdirir.
Bu muzey yerli sakinlər və turistlərə ölkəmizdə gəmiçiliyin tarixi, Abşeronda neft hasilatı, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır.
Beynəlxalq Dəniz Muzeyləri Konqresi 1972-ci ildə təsis olunub və onun dünyanın 40-dan çox ölkəsindən 150-yə yaxın üzvü var. Təşkilat hər iki ildən bir üzv muzeylər arasında əməkdaşlığı gücləndirmək, dəniz irsinin qorunması və təqdimatı sahəsində təcrübə mübadiləsini təşviq etmək məqsədilə beynəlxalq konqres keçirir. Növbəti ICMM Konqresi 2026-cı ilin 13–18 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində, Avstraliya Milli Dəniz Muzeyində baş tutacaq.