...

Qarabağ Azadlıq Təşkilatı Azərbaycan ziyalılarını işğal altındakı ərazilərə səfər etməməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan ziyalılarının növbəti dəfə işğal altında olan ərazilərə səfərinin təşkil edilməsini pisləyir. Bu barədə QAT-ın cümə günü yaydığı bəyanatında bildirilir.

Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan bildirib ki, Azərbaycan və Ermənistan ziyalılarının Qarabağa yenə səfəri olacaq, lakin o, növbəti səfərin vaxtının hələlik məlum olmadığını deyib.

Bu il iyunun 28-də Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə azərbaycanlı və erməni ziyalıları işğal altında olan Xankəndi və Şuşaya səfər etmiş, həmçinin İrəvan və Bakıda olmuşdular.

QAT bəyan edib ki, belə səfərlər işğalçı Ermənistanın maraqlarına uyğundur və ona görə də bu görüşlərə daha çox erməni tərəfi can atır: "Erməni tərəfinin bu səfərləri təşkil etməkdə məqsədi Azərbaycan və Ermənistan arasında normal münasibətlər qurmağa, bununla işğal faktının gündəmə gətirilməsi və müzakirə olunmasının qarşısını almağa çalışmaqdır. Həmçinin ermənilər bu səfərlərlə Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesinə tərəf kimi cəlb olunmasına çalışırlar" - deyə QAT bəyan edib.

Təşkilat hesab edir ki, bu prosesə cəlb olunmuş azərbaycanlı ziyalılar erməni siyasətinin həyata keçirilməsində alətə çevrilməməli və özlərində cəsarət tapıb geri çəkilməlidirlər.

"Biz ziyalıları antimilli mövqedən geri çəkilməyə, bu rüsvayçı prosesdə iştirak etməməyə çağırırıq. Əks halda, bu dəfə bizim təzyiq və təpkilərimiz daha radikal, ardıcıl və barışmaz olacaq" - deyə QAT-ın bəyanatında vurğulanır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitləri birləşdirir.

Xəbər lenti

Xəbər lenti