...

Qarabağ Azadlıq Təşkilatı Xarici İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın Xarici İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirə bilər. Bu barədə QAT-ın sədri Akif Nağının xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı müraciətində bildirilir.

Müraciətdə bildirilir ki, bir qrup QHT nümayəndəsinin İrəvana səfəri, Ermənistanda keçirilən "Azərbaycan günləri" deyilən tədbirdə iştirakına Azərbaycan XİN-nin nümayəndəsi Xəzər İbrahimin loyal münasibəti çox suallar doğurur.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin Gəncə və Ağstafa-Qazax nümayəndələri, Mingəçevirdə insan haqları Mərkəzinin direktoru Cianşa Ömərov, jurnalist Seymur Baycan, "Üçüncü baxış" agentliyinin rəhbəri Rauf Rəcəbov, "Konsensus" QHT-sinin rəhbəri Afət Sarıyevin dekabrın 17-dən 23-dək Ermənistanda "Azərbaycan günləri" adlı tədbirlərdə iştirak etmək üçün Yerevana səfəri başlayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İbrahim KİV-lərə açıqlamasında bildirib ki, bu səfər Ermənistan ictimaiyyətinin Azərbaycan barədə düzgün və effektiv məlumatlandırılmasına, həqiqətlərin ermənilərə daha dolğun çatdırılmasına yönəlib.

"Biz istəməzdik ki, bu yanlış mövqe XİN-in rəsmi mövqeyi kimi qəbul olunsun. Ermənistan bu cür tədbirlərlə dünya birliyini aldatmağa, özünün guya "sülhpərvər" olduğunu göstərməyə çalışır. Ona görə də bu prosesdə iştirak edən hər bir Azərbaycan vətəndaşı Ermənistanın yalançı "sülhpərvər" obrazını yaratmağa xidmət edir"-deyə QAT-ın XİN başçısına müraciətində bildirilir.

QAT İbrahimin mövqeyinə XİN-in aydınlıq gətirməsini tələb edir: "Əks halda QAT Nazirlik qarşısınıda etiraz aksiyalarına başlayacaq"-deyə Nağı bildirib.

Sözügedən səfər Azərbaycan vətəndaşlarının Ermənistana ilk səfəri deyil, ötən ilin yayında Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin nümayəndələri, QHT və media təmsilçiləri Ermənistana səfər etmişdilər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri birləşdirir.

Xəbər lenti

Xəbər lenti