...

Dağlıq Qarabağın Azərbaycanlı İcması ATƏT-in Minsk qrupu həmsədrlərini Ermənistana təzyiq göstərməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2008 14:32 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycanlı İcması ATƏT-in Minsk qrupu həmsədrlərini Ermənistana təzyiq göstərməyə çağırır

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir İ.Əlizadə/ Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT-in Minsk qrupu həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistana təzyiq göstərməyə çağırır. "ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistanı BMT Baş Assambleyasının "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qəbul etdiyi qətnamənin tələblərini yerinə yetirməyə sövq etməlidir", cümə günü Trend -a icmanın rəhbəri Nizami Bəhmənov bildirib.

Trend -un arayışı: 2008-ci il martın 14-də BMT Baş Assambleyası Azərbaycan tərəfindən təqdim edilən "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə qəbul edib.

Qətnamədə "Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şəərtsiz çıxarılması tələb olunur.

Həmsədrlərin cümə axşamı regiona səfəri başlayıb. Bu gün həmsədrlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Onlar Bakıdan Yerevana, oradan isə Dağlıq Qarabağa gedəcəklər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Bəhmənov qeyd edib ki, Minsk Qrupunun müxtəlif bəyanatlar verməklə vaxt uzatmaq limiti tükənib.

O bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa getməsinə etiraz edir. "Dağlıq Qarabağda yaşayan erməni icmasının danışıqlar prosesinə heç bir təsir mexanizmi yoxdur. Ona görə də Minsk Qrupu həmsədrlərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə getməsi heç bir əhəmiyyət kəsb etmir. Bu səfərlər Rusiyanın əvvəlki mövqeyində qaldığını göstərir və monupulyasiya xarakteri daşıyır", - deyə icma rəhbəri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti