Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir N.Abdullayeva/ ISESCO Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən tarixi abidələrin Ermənistan tərəindən dağıdılmasını pisləyir. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə təşkilatın Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib.
Ermənistanın Azərbaycana qarşı təzavüzü nəticəsində ölkənin xeyli sayda tarixi və mədəni abidələri məhv edilib. Dağıdılan obyektlər arasında 464 tarixi abidə, 40 mindən çox əl işi nümunələri, 4,6 mln. kitab var.
Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
"Mən Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad edilməsinə çağırıram", - deyə əl-Tuveycri vurğulayıb.
ISESCO-nun Baş direktoru Bakının 2009-cu ildə İslam dünyasının paytaxtı elan edilməsi məqsədi ilə keçirilən mərasimdə iştirak çərçivəsində Azərbaycana gəlib.
Bu haqda qərar 2007-ci ilin noyabrında, Tripolidə İslam Konfransı Təşkilatı (İKT) üzv ölkələrinin mədəniyyət nazirlərinin V konfransında qəbul olunub.
Bakıda islam mədəniyyət ili çərçivəsində milli və beynəlxalq səviyyədə 100-dən çox tədbir həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirin loqotipi və bayrağı azərbaycanlı rəssam və dizayner tərəfindən hazırlanıb. Loqoda Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi və ölkənin diqqətəlayiq abidələrindən olan Azərbaycan xalçası və Qız qalası təsvir olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]