Azərbaycan, Bakı, 21 fevral/ Trend , müxbir E.Rüstəmov/ ABŞ münaqişə zamanı Xocalıda baş verən hadisələr nəticəsində dəhşətli insan itkilərindən təəssüflənir və bildirir ki, bu dəhşətli hadisələr münaqişənin sülh yolu ilə, ədalətli nizamlanması istiqamətində işləri ciddi-cəhdlə davam etdirməyin zəruri olduğunu göstərir. Bu barədə Trend -a ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.
Azərbaycanın Xocalı şəhərində soyqrım 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Faciə nəticəsində 106 nəfəri qadın və 83 nəfəri uşaq olmaqla 613 nəfər öldürülüb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub.
"Mən Azərbaycana gəlişimin ilk ilində Xocalı faciəsinin qurbanları ilə görüşdüyüm məqamları unuda bilmirəm...", - deyə Dersi bildirib.
ABŞ səfiri Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə dinc və ədalətli nizamlanması istiqamətində işləri inadla davam etdirməyə çağırıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]