Azərbaycan, Bakı, 06 may / Trend , müxbir E.Tariverdiyeva /
Digər fəal mediatorlardan fərqli olaraq tərəflər arasında az ayrıseçkilik etdiyindən ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rolu Azərbaycan üçün uğurlu olsa da, həlledici olmayacaq.
"ABŞ-ın Rusiyadan fərqi münaqişə edən tərəflərlə qonşu olmamasıdır və Vaşinqtonun regionla tarixi bağlılığı yoxdur. Qafqaz maraqları Rusiyanın geostrateji siyasətinin "ürəyidir". ABŞ isə bir qədər vəziyyətdən təcrid edilib", - Qafqaz üzrə britaniyalı ekspert Ziba Norman hesab edir.
Azərbaycanın xarici işlər naziri çərşənbə axşamı Vaşinqtonda ABŞ Dövlət katibi Hillari Klintonla görüşüb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi, Əfqanıstanda terrorla bağlı mübarizədə əməkdaşlıq, enerji təhlükəsizliyi məsələləri və enerji təchizatlarının Avropaya çatdırılması müzakirə edilib.
ABŞ Dövlət katibi köməkçisinin müavini Metyu Brayza hesab edir ki, Klintonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü iki ölkə prezidentlərinin diskussiya aparmaları üçün əsas yaradıb.
"Vaşinqtonda aparılan müzakirələr cümə axşamı Praqada İlham Əliyev və Serj Sarkisyan arasında keçiriləcək görüşdə konstruktiv diskussiya üçün zəmin yaratdı. Əhəmiyyətli irəliləyişə və baza prinsipləri ilə bağlı fikir ayrılığının azalmasına ümid edirik", - Vaşinqtondan telefon vasitəsilə Brayza Trend -a deyib.
Onun sözlərinə əsasən, Dövlət katibi ATƏT-in Minsk qrupu çərçivəsində münaqişə ilə bağlı irəliləyişə nail olmaqdan ötrü əlindən gələni etməyə hazır olduğunu bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Qərb ekspertlərinin fikrincə, region ölkələri olan Rusiya və Türkiyədən fərqli olaraq, ABŞ münaqişə tərəflərinə qarşı ayrıseçkiliyə yol vermir.
"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ Administrasiyası ilə görüşünü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə etmək üçün beynəlxalq ictimaiyyətin səylərinin bir hissəsi kimi qəbul etmək lazımdır", - Cənubi Qafqaz ölkələri üzrə ekspert Liçiniya Simao hesab edir.
ABŞ Minsk qrupunun həmsədri və münaqişə tərəfləri arasında vasitəçi kimi vacib rol oynayır.
Simaonun sözlərinə əsasən, Obama Administrasiyası Qafqazda sülhü təmin etməkdən ötrü nə qədər uzağa getməyə hazır olduğunu göstərdi (buna misal olaraq ABŞ Prezidentinin "ermənilərin soyqırımı"nı tanımaqdan açıq şəkildə imtina etməsini göstərmək olar).
"Bununla yanaşı, ABŞ Azərbaycan və Ermənistan prezidentlərini razılığa gətirmək istəyən Rusiyanın səylərini də aktiv dəstəkləyir", - "University of Coimbra"nın əməkdaşı Simao elektron poçt vasitəsi ilə Trend -a bildirib.
Xəzər regionu üzrə amerikalı ekspert Mark Kaç hesab edir ki, münaqişə edən tərəflər buna hazır olarlarsa, ABŞ ölkələrə bəzi məsələlərdə güzəştə getməkdə yardım edə bilər.
Onun fikrincə, Rusiyadan fərqli olaraq ABŞ həm Azərbaycan, həm də Ermənistanla isti münasibətlərə malikdir.
"Rusiya Azərbaycandan çox Ermənistana yaxındır və düşünürəm ki, Moskva Qarabağ münaqişəsinin həllini istəmir", - elektron poçt vasitəsilə Corc Meyson Universitetinin professoru Kaç Trend -a bildirib.
Kaçın fikrincə, bu baş verərsə Azərbaycan-Ermənistan münasibətlərini sahmana salacaq və enerji axınları Azərbaycandan Ermənistana və Türkiyəyə nəql edildikdə Rusiya bunlardan kənarda qalacaq.
"Münaqişə həll edildikdən sonra Azərbaycan və Ermənistan daha çox Qərbə inteqrasiya edəcək və müvafiq olaraq Rusiyaya olan ehtiyac da azalacaq", - Kaç qeyd edib.
Simao onu da qeyd edib ki, Ermənistan və Azərbaycanın ABŞ-la sıx əlaqələri var və Amerikanın siyasi kursuna təsir edə bilərlər. "Bu səbəbdən münaqişənin həllində mərkəzi yer ABŞ-a məxsus olmalıdır", - o deyib.
Azərbaycan politoloqu Tofiq Abbasovun fikrincə, ABŞ-ın münaqişənin həllində rolu Rusiyanın səylərinə yardım etməkdən ibarət olmalıdır.
Onun fikrincə, Minsk qrupu həmsədrləri üç bərabərhüquqlu ölkələrdən ibarət olsa da, razılaşmaq lazımdır ki, bərabərlər arasında da birinci olur. Onun sözlərinə görə, qeyri-formal liderlik Rusiyaya aiddir.
"Rusiyanın işğalçı tərəfə təsir etmək üçün kifayət qədər vasitələri var və Moskvanın işğalçını cilovlama ilə bağlı mənəvi borcunu yerinə yetirməyə ABŞ şərait yaradarsa, o zaman Vaşinqton məsələnin həllinə kömək etmiş olacaq", - "Lider TV"-nin analitik qrupunun eksperti Abbasov Trend -a bildirib.
ABŞ-ın da Qafqazda maraqları olduğu göz qabağındadır və bu Vaşinqtonun səylərində əksini tapmalıdır.
"ABŞ-ın regionda böyük maraqları var. Bunların sırasında öndə gedən enerji dəhlizlərinin Qərbə uzadılmasıdır ki, bu da Azərbaycanın əlində vacib tutarlı vasitədir", - elektron poçt vasitəsilə Transatlantika İnstitutunun direktoru Norman Trend -a deyib.
ABŞ Avropanın enerji təhlükəsizliyini təmin etməkdən ötrü Transxəzər neft-qaz layihələrini himayə edir. Amerikanın "Exxon mobil" və "Devon" şirkətləri Azərbaycanın ən iri neft layihəsi olan "Azəri-Çıraq-Günəşli"də təmsil edilib. Sözügedən yatağın isbat edilmiş neft ehtiyatı təqribən 1 milyard ton təşkil edir.
Normanın sözlərinə əsasən, Türkiyə ABŞ-la yaxşı əlaqələr qurmalıdır ki, Vaşinqton Ankaranın regionda nüfuzunun zəifləməsinə göz yummasın. Azərbaycan Türkiyə üzərindən enerji təchizatına razılıq verməsəydi, bu baş verəcəkdi. "Beləliklə, ABŞ öz maraqları və Türkiyə maraqları çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin açılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərir", - ekspert qeyd edib.
Simaoya görə, Rusiya Qafqazdakı münaqişələrin həllində vacib oyunçu olmasına və Moskvada Qarabağ münaqişəsi ilə bağlı daha aktiv mövqe nümayiş etdirilməsinə baxmayaraq, ABŞ-la Avropa münaqişənin sülh yolu ilə həllində vacib tərəfdaş olaraq qalırlar.
Materialın hazırlanmasında Y.Ostapenko iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]