...

Azərbaycanın Şuşa şəhərinin işğalından sonra təbii sərvətlərin dağıdılmasına dair faktlar açıqlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2009 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , C.Babayeva /  

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından sonra təbii sərvətlərin dağıdılmasına dair faktları açıqlayıb.

Şuşada təbii sərvətlərin dağıdılması faktları nazirliyin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəzi" tərəfindən müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərlə əldə olunub.  

Faktlara əsasən, Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub, şəhərin yuxarı hissəsində, "dörd yol" adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb. Bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilib.  

Trend -un arayışı: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri 1992-ci ilin mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal oluub. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, təxminən 22 minə yaxın insan qaçqın düşüb.

Nazirliyin məlumatına əsasən, Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib, Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində ağaclar qırılaraq geniş düzənlik açılıb və orada tikinti işləri aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti