Azərbaycan, Bakı, 11 sentyabr / Trend , E.Tariverdiyeva /
Azərbaycan Dağlıq Qarabağa dair qətnaməni baxılması üçün BMT Baş Assambleyasına təqdim edərsə, GUAM ölkələri bu təşəbbüsü tamamilə dəstəkləyəcəklər, bu barədə Trend -a Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.
"Dağlıq Qarabağ münaqişəsi GUAM ölkələri ərazisindəki uzunmüddətli və gündəlikdə duran münaqişələrdən biridir və yalnız Azərbaycan hökumətinin qərarı ilə nəzərdən keçirilə bilər", - Çeçelaşvili Kiyevdən telefonla bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
"Bu münaqişəyə Baş Assambleyanın gündəliyində olan maddəyə əsasən baxılacaq", - GUAM-ın baş katibi bildirib.
Çeçelaşvilinin sözlərinə əsasən, Azərbaycan qaçqınların doğma yerlərinə qayıtmaları və ya münaqişəyə aid digər məsələlərə və bilavasitə münaqişənin nizamlanmasına dair hər hansı bir qətnamə təqdim etməyi qərara alarsa, GUAM ölkələri onu dəstəkləyəcəklər.
"Gələcək qətnamənin formalaşdırılması və ideologiyası, həmçinin onun BMT Baş Assambleyasına təqdim edilməsi vaxtı Azərbaycandan asılıdır", - o bildirib.
"Qətnamənin təqdim edilməsi çox çətin prosedurdur, tərəfdaş axtarışı, tərəflərlə məsləhətləşmələr, danışıqlar, bu səbəbdən bunlar gələcəyin işidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini BMT Baş Assambleyasında hər hansı bir rakusda aydınlatmaq üçün gündəliyin bu maddəsindən istifadə etməyə qərar verərsə və onun buna tam haqqı var, o zaman GUAM ölkələri onu tamamilə dəstəkləyəcəklər", - Çeçelaşvili qeyd edib.
GUAM təşkilatı regional əməkdaşlıq məqsədilə 1997-ci ildə Avropa İttifaqı dövlətlərinin sammiti zamanı yaradılıb, lakin praktiki olaraq 2005-ci ilə kimi fəaliyyət göstərməyib. Son üç ildə keçirilən sammitlərin əsas məsələləri regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səylərin koordinasiyası olub.
Sentyabrın ikinci yarısında Nyu-Yorkda BMT Baş Assambleyasının 64-cü sessiyası başlayır. Azərbaycanı sessiyada xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı altında nümayəndə heyəti təmsil edəcək, bu barədə cümə günü Trend -a XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]