...

Hakim partiya Türkiyənin Azərbaycanın maraqlarına xələl gətirməyəcəyinə inanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2009 11:29 (UTC +04:00)
"Biz inanırıq ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz", - Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov çərşənbə axşamı jurnalistlərə deyib.
Hakim partiya Türkiyənin Azərbaycanın maraqlarına xələl gətirməyəcəyinə inanır

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir M.Əliyev

"Biz inanırıq ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz", - Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov çərşənbə axşamı jurnalistlərə deyib. 

Əhmədovun sözlərinə görə, Ankaranın Bakının maraqlarını qorumaq üçün hələ imkanı var. Belə ki, protokollar qüvvəyə minməzdən əvvəl Türkiyə və Ermənistan parlamentlərinə təqdim olunacaq. "Azərbaycan təəssüf edir ki, Türkiyə Ermənistanla diplomatik əlaqələrin yaradılmasına dair  protokollar imzalanana qədər bu yöndə yetərincə səy göstərmədi", - Əhmədov deyib. 

Əhmədov Türkiyə Böyük Millət Məclisi üzvlərinin Azərbaycanın maraqlarına zidd olan protokolları ratifikasiya edəcəklərinə inanmır. 

"Siz bilirsiniz ki, hətta protokollar imzalandıqdan sonra Türkiyənin Baş naziri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkün deyil. Azərbaycan hökuməti olaraq, biz hesab edirik ki, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq əlaqələri kifayət qədər möhkəmdir və bu əlaqələrin korlanacağına inanmırıq. Biz Türkiyə hökumətinin Prezidenti və Baş nazirinin "Qarabağ problemi həll olunmayınca sərhədlərin açılmasına yol verilməyəcək" bəyanatına inanırıq", - Əhmədov deyib. 

Avqustda Türkiyə XİN bildirib ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə "diplomatik əlaqələrin qurulması haqqında protokollar" və "ikitərəfli münasibətlərin inkişafı haqqında protokollar"ı əhatə edən "daxili siyasi məsləhətləşmələr"in başlanması haqqında razılığa gəliblər.  

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti