...

Dağlıq Qarabağın azərbaycanlı icması ABŞ-ın separatçı rejimə yardım ayırmasını haqsızlıq hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2009 13:36 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-ın azərbaycanlılara qarşı ayrıseçkilik etdiyini düşünür.
Dağlıq Qarabağın azərbaycanlı icması ABŞ-ın separatçı rejimə yardım ayırmasını haqsızlıq hesab edir

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Dağlıq Qarabağın azərbaycanlı icması ABŞ-ın separatçı rejimə yardım ayırmasını haqsızlıq hesab edir.

"ABŞ əgər ayrıseçkilik etmirsə, onda Dağlıq Qarabağın azərbaycanlı icmasına da yardım ayırsın", - bazar ertəsi Trend -a Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin SenatNümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

"Azərbaycan ABŞ tərəfindən Dağlıq Qarabağa maliyyə dəstəyi göstərilməsini pisləyir və ABŞ-ı öz neytral statusunu saxlamağa və separatçı rejimə kömək etməməyə çağırır", - ötən həftə jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunda təmsil olunur. "Belə bir dövlət tərəfindən separatçı rejimə kömək göstərilməsi digər dövlətlər tərəfindən mənfi hal kimi qəbul edilə bilər", - şöbə müdiri əlavə edib.

"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ABŞ-ın Azərbaycanın başı üstündən, heç bir məlumat və izahat vermədən Dağlıq Qarabağa birbaşa yardım göstərməsini təbii ki, biz düzgün hesab edə bilmərik. Hesab edirəm ki, bu, mütləq Azərbaycanla razılaşdırılmalı idi", - ötən şənbə günü jurnalistlərə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Əsgərovun fikrincə, Azərbaycan ABŞ-ın strateji müttəfiqi olduğundan belə yardımlar edilərkən ərazi bütövlüyünə hörmət edərək, mütləq bu barədə məlumat verilməli idi. "Əgər bu yardım hətta edilirsə belə, Dağlıq Qarabağın azərbaycanlı icmasına da edilməlidir. Amma ABŞ bir tərəfə yardım edir, digərinə yox. Bizə hələ məlum deyil ki, bu yardım hansı məqsədlə istifadə olunacaq. Çünki bizə məlumdur ki, Ermənistan ABŞ-ın bu cür yardımlarını siahlanmaya xərcləyir. Ona görə də bir daha hesab edirəm ki, danışıqların bu həssas məqamında Ermənistan və Dağlıq Qarabağa vəsaitin ayrılması bizim strateji müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmir", - birinci vitse-spiker vurğulayıb.

Səfərovun sözlərinə görə, ABŞ Konqresinin Dağlıq Qarabağa indiki halda yardım etməsi Azərbyacan dövlətinin, xalqımızın əleyhinə olan addımdır.

İcma rəhbəri bununla bağlı ABŞ hökumətinə hər hansı etiraz bəyanatının göndərilməsinin əhəmiyyətli olmayacağını düşünür. "Buna qədər müxtəlif haqsızlıqla bağlı kifayət qədər narazılıq etmişik, amma xeyiri yoxdur. Nə qədər narazılıq etmək olar?", - Səfərov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti