Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.Ağayeva/
Separatçı rejimin Azərbaycanın işğal edilmiş ərazilərində keçirməyi planlaşdırdığı "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Bunu rəsmi Bakı bəyan edib.
Fevralın 5-də qondarma "Dağlıq Qarabağ respublikasının rəhbəri" Bako Saakyan 23 may 2010-cu il tarixində "DQR-in milli iclasında" növbəti "seçkilərin" təyin edilməsi haqqında fərman imzalayıb. Məlumatı "Novosti Armeniya" yayıb.
"Dağlıq Qarabağda keçiriləcək seçkilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq və bu proses ciddi qəbul edilməyəcək", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a bildirib.
"Ermənistan siyasi elitası özünü pis vəziyyətdə qoyacaq və işğalçı siyasətini növbəti dəfə təsdiq edəcək", - Poluxov deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.