...

Ermənistanın hərbi təxribatı yenilənmiş Madrid prinsiplərindan diqqəti yayındırmaq məqsədi güdür - politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2010 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M. Əliyev/

Ermənistanın hərbi təxribatı ATƏT-in Minsk qrupunun təqdim etdiyi yenilənmiş Madrid prinsiplərindan diqqəti yayındırmaq məqsədi güdür. Bunu çərşənbə günü jurnalistlərə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Son günlər cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulmasının müəllifi Ermənistandır və Azərbaycan hazırda cavab verən tərəfdir", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Politoloqun sözlərinə görə, təxribatı sübut edən faktor kimi onu göstərmək olar ki, ermənilər daim öz itkilərini gizlətdiyi halda, bu dəfə dərhal ölən və yaralananlar barədə məlumatlar yaydılar.

Digər tərəfdən, Əhmədoğlu Ermənistanın hərbi aktivliyinin son zamanlar Azərbaycan tərəfindən tamamilə neytrallaşdırıldığını bildirib. "Buna sübut kimi son dörd-beş ayda ermənilərin Dağlıq Qarabağ ərazisində təlim keçə bilməmələrini göstərmək olar", - o vurğulayıb.

Mərkəzin rəhbəri son ay baş verən mühüm hadisələr sırasında, Azərbaycanın qəbul etdiyi hərbi doktrinadan, habelə büdcəyə olunan son dəyişikliklərdə hərbə ayrılan vəsaitlərin 30 faiz ayrılmasından danışaraq bildirdi ki, bu sənədlər Azərbaycanın istənilən an hərbi əməliyyatlara başlaya biləcəyindən xəbər verir. "Artıq seçkilər ərəfəsində olması belə, Azərbaycanın hər hansı bir planına mane ola bilməz", - Əhmədoğlu deyib.

Politoloq Ermənistanın tək region üçün deyil, digər ölkələrə də təhlükə yaratdığını hesab edir. "Ermənistan İranla birlikdə işğal olunmuş torpaqlarda zenit raket bazaları tikir və bu bazalar istənilən zaman Rusiyaya, ABŞ-a, NATO-ya qarşı yönəldilə bilər", - mərkəz rəhbəri hesab edir.

Xəbər lenti

Xəbər lenti