Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/
Amerika prezidentləri üçün Dağlıq Qarabağ üzrə danışıqlarda uğurlu missiya əhəmiyyət daşıyır, belə ki, prosesdə fəal iştirak edən danışıq aparanlar regionda öz əhəmiyyətlərini və geosiyasi çəkilərini nümayiş etdirirlər. Qazaxıstan politoloqu Dosım Satpayev belə hesab edir.
"Uğurlu sülhməramlının rolu indiki administrasiyaya 2013-cü il prezident seçkilərində vasitə kimi lazımdır", - Trend-ə telefonla Almatıdan Risklərin qiymətləndirilməsi qrupunun direktoru, Trend-in Ekspert Şurasının üzvü Satpayev deyib.
"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri gələn həftə ABŞ-da görüşəcəklər", - BBC-yə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradke deyib.
Amerikalı həmsədr ATƏT-in dekabrda Qazaxıstanın paytaxtında keçiriləcək sammiti zamanı münaqişənin nizamlanması prosesində müəyyən irəliləyişlər gözlədiyini qeyd edib.
"Mənə elə gəlir ki, bu sammit böyük hadisə olacaq. Azərbaycan və Ermənistan prezidentləri Avropa və Şimali Amerika rəhbərləri ilə birlikdə eyni masa arxasında orturacaqlar. Şübhəsiz ki, münaqişə tərəflərinin mövqelərindəki fərq yenidən diqqət mərkəzində olacaq. Prezidentlər dünya ictimaiyyətini prosesin inkişafı ilə bağlı planlar haqqında məlumatlandırmalıdır", - Bradtke qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Satpayevin sözlərinə görə, bu yaxınlarda, xüsusilə, erməni mənbələrində tərəflərə, əsasən də Yerevana vasitəçilər tərəfindən ATƏT-in dekabrda Astanadakı sammitinədək bəzi irəliləyişin əldə olunması məqsədilə təzyiqin artması barədə məlumat yayılıb.
"Şəxsən mən şübhə edirəm ki, sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hansısa prinsipal yeni sənəd və ya razılaşma imzalansın. Qoşunların təmas xəttində daimi insidentlər irəliyə getmək üçün mənfi fon yaradır, buna görə də hesab edirəm ki, amerikalı həmsədr Astanadakı sammitlə bağlı çox optimisdir", - o deyib.
Satpayevin sölərinə görə, amerikalılar Qafqaz regionunu ən mühüm və maraqlı region hesab edirlər və onun problemlərinin həllində "birincilik məşəlinə" nail olmaq istəyirlər. "Bu mənada ABŞ üçün Dağlıq Qarabaq münaqişəsinin nizamlanmasında kömək, əlbəttə ki vacibdir", - Satpayev hesab edir.
Onun sözlərinə görə, Vaşinqton irəliləyişə nail olmaq üçün tərəflərə təsir göstərməyə hazırdır.
"Lakin bununla bağlı Bakının mövqeyi kifayət qədər ciddi və prinsipialdır. Bu il Azərbaycanın, hətta ABŞ-ın diplomatik reveransı kimi kompromisə razılaşacağı çox az güman edilir", - ekspert bildirib.
"Münaqişənin həlli mexanizminin əsasında tərəflərin siyasi iradəsi və istəyi bu "düyünü" açacaq", - Satpayev vurğulayıb.
"Tərəflər kompromisə və güzəştlərə gətməyənədək, heç bir vasitəçi kömək edə bilməz", - ekspert qeyd edib.