...

Ermənistan Prezidentinin Dağlıq Qarabağın müstəqiliyi ilə bağlı bəyanatı Bakı və Yerevan arasında sülh danışıqlarını poza biləcək təxribatdır – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2010 09:00 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın müstəqiliyi ilə bağlı bəyanatı danışıqlar prosesinə müsbət töhfə verməyən Ermənistan əhalisinə hesablanmış təxribatdır. Ekspertlər bu fikirdədir.
Ermənistan Prezidentinin Dağlıq Qarabağın müstəqiliyi ilə bağlı bəyanatı Bakı və Yerevan arasında sülh danışıqlarını poza biləcək təxribatdır – ekspertlər

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın müstəqiliyi ilə bağlı bəyanatı danışıqlar prosesinə müsbət töhfə verməyən Ermənistan əhalisinə hesablanmış təxribatdır. Ekspertlər bu fikirdədir.

"Çox güman ki, Sarkisyanın bəyanatı daxil tələbat üçün edilib və təəssüf ki, bu, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesini yalnız pozur, Ermənistan və Azərbaycan arasında münasibətləri gərginləşdirir", - Brüsseldəki Avropa siyasi mərkəzinin siyasi analitiki, Cənubi Qafqaz ölkələri üzrə ekspert Amanda Pol (Akçakotsa) hesab edir.

Sentyabrın 21-də Ermənistan Prezidenti Serj Sarkisyan respublikanın müstəqilliyi münasibətilə təşkil olunan rəsmi qəbulda bəyan edib ki, Ermənistan Dağlıq Qarabağın müstəqillik və davamlı sülh yolu olan çətin, lakin yeganə düzgün yolla gedir. Bu barədə Ermənistan Prezidentinin rəsmi saytı məlumat verib.

Sarkisyanın bəyanatı Ermənistanın siyasi elitasının separatçı rejimin müstəqilliyinin tanınması ilə bağlı təkliflərinin son vaxtlar tez-tez səslənməsi fonunda edilib.

Parlamentin "İrs" partiyası fraksiyasının təqdim etdiyi "Dağlıq Qarabağ Respublikası"nın tanınması haqqında" qanun layihəsi parlamentin oktyabrda keçiriləcək dördgünlük növbəti iclası zamanı müzakirəyə çıxarılacaq. Bu barədə Ermənistan spikeri Ovik Abramyan bildirib. Xəbəri "Mediamaks" yayıb.

"Qanun layihəsi növbədənkənar qaydada müzakirəyə çıxarılacaq", - Abramyan parlamentin payız sessiyasının açılışında çıxış edərkən deyib.

Ekspertlərin fikrincə, Sarkisyanın Dağlıq Qarabağın müstəqilliyinə səy göstərilməsi ilə bağlı bəyanatı Azərbaycan və Ermənistan arasında gedən danışıqlara mənfi təsir göstərə bilər.

"Təəssüf ki, Ermənistan rəhbərliyi əhalisini sülhə hazırlamaq əvəzinə belə təxribat xarakterli bəyanatlara üstünlük verir", - Trend-in Ekspert Şurasının üzvü Amanda Pol hesab edir.

"Prezident Sarkisyan millətinin "lövbərini həqiqət dənizinə atmaldır": başa düşməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq üçün Ermənistan güzəştə getməlidir", - Trend-ə çərşənbə günü elektron poçtla Pol bildirib.

Onun fikrincə, Yerevan hazırda işğal altında saxladığı Azərbaycan ərazilərini qaytarmalıdır və anlamalıdır ki, Dağlıq Qarabağın son statusu heç də müəyyənləşməyib.

"Siyasət tarix üzərində, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı vəziyyət üzərində qurula bilməz", - professor, Dünya Təhlükəsizliyi İnstitutunun (ABŞ-ın keçmiş Müdafiə informasiyası Mərkəz, Vaşinqton) Rusiya və Asiya proqramlarının direktoru Nikolay Zlobin belə hesab edir.

"Ermənistan öz tarixinin əsiridir. Dağlıq Qarabağ münaqişəsi kimi vəziyyətlərdə xalqın emosiyasından istifadə etmək və siyasi karyera qurmaq, problemi isə həll etməmək ən pis haldır", - Zlobin sentyabrın 21-də Moskvada jurnalistlərə deyib.

Onun sözlərinə görə, siyasət tarixə əsaslana bilməz; belə ki, o, subyektivdir və hər bir xalqın tarixi hadisələrlə bağlı öz milli versiyası var.

Azərbaycan politoloqu Tofiq Abbasovun fikrincə, Sarkisyan özünü təmizə çıxartmaq üçün elektoratı qane edəcək yeganə arqument - "Dağlıq Qarabağın müstəqilliyinin tanınması"nı səsləndirməyə məcburdur.

"Lakin "DQR"in tanınması və sülh prosesinin davam etdirilməsi bir-birinə ziddir", - Trend-in Ekspert Şurasının üzvü, "Lider-TV" analitik qrupunun eksperti Abbasov deyib.

Onun sözlərinə görə, belə bəyanatlar Azərbaycanın ərazi bütövlüyünün gündəlikdən kənarda olması aydın olan zaman daim səslənir.

"Belə imperativdən hamı, o cümlədən erməni nümayəndələr də çəkinməlidirlər", - Trend-ə Abbasov bildirib.

Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryanın fikrincə, "DQR"in müstəqilliyinin Ermənistan tərəfindən tanınması daxili siyasi dəyişikliklərin səbəbi ola bilər, lakin bu, Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyəcək. Məlumatı "Armenia Today" yayıb.

Müşahidəçilər belə hesab edirlər ki, qonşularına qarşı müharibə mövqeyi tutan və kompromisə getməyən Ermənistan regionda iqtisadi vəziyyətini və mövqeyini pisləşdirir.

Abbasovun sözlərinə görə, Ermənistan geosiyasi mövqeyində şərtsiz olaraq çətin yolu seçib və tədricən kənara yuvarlanır. "Buna görə də məsuliyyət onun siyasi rəhbərliyinin üzərinə düşür, axı Ermənistan seçim etmişdi və ölkənin inkişaf yolunda dayanmağa gözəl imkanları var idi", - ekspert belə hesab edir.

"Lakin qonşu ölkələrlə ağır qarşıdurma Ermənistanı real müstəqilliyini itirməsinə doğru yaxınlaşdırır. Bu gün Ermənistan hökuməti öz xalqı qarşısında ciddi imtahan verir və hökumətin zəif, solğun görünüşü Ermənistandakı vəziyyətin bariz göstəricisidir", - Abbasov deyib.

"Yerevanın Ankara ilə münasibətlərin yaxşılaşdırılması məsələsində səhv hərəkətləri Ermənistan üçün özünəqəsd deməkdir", - Zlobin belə hesab edir.

"Bütün qapılar bağlı olduğu, bütün qloballaşma Rusiya vasitəsilə keçdiyi halda, özünü belə vəziyyətə salmaq olmaz; bu isə o deməkdir ki, Rusiya Ermənistanın ağasıdır və ölkənin başqa seçimi yoxdur", - politoloq deyib.

Abbasovun sözlərinə görə, Ermənistan sülhə heç vaxt can atmayıb və sülhməramlı potensial barədə heç vaxt düşünməyib.

"Bu gün Ermənistan böyük region üçün təhlükəli subyektdir", - Abbasov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Materialın hazırlanmasında A.Qasımova (Moskva), V. Javoronkova iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti