...

Qərarların qəbul edilməsində son sözü diaspor deyil, Ermənistan hakimiyyəti deməlidir - erməni politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2010 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

"Diasporun Ermənistana təsiri çox güclüdür, Dağlıq Qarabağ münaqişəsi və 1915-ci il Osmanlı imperiyasındakı hadisələrlə bağlı məsələdə mövqeyi isə kifayət qədər sərtdir və Ermənistanın heç bir rəhbəri bu faktla hesablaşmaya bilməz", - Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryan Trend-ə bildirib.

"Lakin mən hesab edirəm ki, qəti qərarı Ermənistan hakimiyyəti qəbul etməlidir", - o, Trend-ə müsahibəsində bildirib.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin yaxşılaşdırılmasına dair protokollar imzalanıb. Aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyan xalqa müraciətində protokolların ratifikasiyasının dondurulduğunu bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Qriqoryanın sözlərinə görə, son vaxtlar Ermənistan rəhbərliyi, xüsusuilə erməni-türk prosesi ilə bağlı qərarlar qəbul edərkən diasporun rəyinə çox geniş yer verir.

"Erməni diasporu o dərəcədə güclüdür ki, təkcə erməni məsələsinə deyil, hətta birbaşa marağı olmayan məsələlərə də təsir edir. ABŞ-ın Azərbaycandakı səfirinin təyin olunması məsələsində olduğu kimi", - o, bildirib.

Qriqoryanın sözlərinə görə, diasporun maliyyə yardımı və onun ölkəyə siyasi və mənəvi təsiri anlayışını ayırmaq lazımdır. Göründüyü kimi, erməni xalqı üçün lobbist yardımı maliyyə yardımından daha vacibdir.

Lakin ekspert hesab edir ki, bununla yanaşı, heç kim kənardan Ermənistan hakimiyyətinə hər hansı bir qərarı diqtə edə biləcəyini düşünməməlidir.

"Mən Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə ilə münasibətlərin yoluna qoyulması təşəbbüsünü və Azərbaycanla bağlı problemin həllinə dair cəhdlərini dəstəkləyirəm. Bu gün Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında danışıqların getməsi faktını qiymətləndirmək lazımdır", - o, bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ekspert hesab edir ki, danışıqlar mübahisəli nüansları ilə ağır və mürəkkəb olsa da, danışıqlar prosesinin bərpa olunması və dinamik inkişaf etməsi vacibdir.

"Mən Dağlıq Qarabağ nizamlanması ilə Ermənistan-Türkiyə nizamlanması prosesini əlaqələndirməzdim . Bu gün həmin qarşılıqlı asılılıq görünmür", - Qriqoryan bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanla Türkiyə arasında danışıqlar prosesi gedəndə hamı anladı ki, xüsusilə Türkiyə tərəfdən ratifikasiya çox çətin olacaq.

O, hesab edir ki, burada əlbəttə, rəyi Ankara üçün çox önəmli olan Azərbaycanın mənfi mövqeyi öz rolunu oynadı. Qriqoryanın sözlərinə görə, bundan başqa, erməni və türk tərəfi anlamalı idi ki, Ermənistan və Türkiyənin barışması prosesində Azərbaycanı maraqlandırmaq üçün ona hansısa stimul verilməli idi.

"Halbuki, mənim fikrimcə, əgər Ermənistanla Türkiyə arasında sərhədlər açılsaydı, Rusiyanın Ermənistana təsiri xeyli azalardı və bu da, öz növbəsində regiondakı ümumi vəziyyətə müsbət təsir göstərərdi", - Qriqoryan bildirib.

Ekspert hesab edir ki, hətta Rusiyanın çox ağır böhranda olduğu 90-cı illərdə belə, Dağlıq Qarabağ münaqişəsində rolu çox böyük idi.

"Biz iki müstəqil dövlət olaraq, Rusiyanın vasitəçi kimi müsbət təşəbbüsləri ilə razılaşmalıyıq, lakin bununla yanaşı mən hesab edirəm ki, Moskva nizamlanma prosesində yeganə vasitəçi olmamalıdır. Biz müstəqil dövlətlərik və bu vasitədən, eləcə də Ermənistan-Azərbaycan ikitərəfli dialoqunun aparılmasında da istifadə etməliyik və problemlərimizi yad əllərə verməməliyik", - Qriqoryan bildirib.

Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan üçün regionda üstün rolun kimliyindən asılı olmayaraq, vasitəçilərdən birinə məxsus olması son dərəcə əlverişsizdir.

"Çünki bu, labüdlükdən suverenliyimizin məhdudlaşdırılmasına gətirib çıxaracaq", - Qriqoryan bildirib.

Xəbər lenti

Xəbər lenti