...

Dağlıq Qarabağ münaqişəsində irəliləyiş üçün müəyyən məkan var - Audronyus Ajubalis (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2011 12:20 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində irəliləyiş üçün müəyyən məkan var. Trend-in məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədri, Litva XİN rəhbəri Audronyus Ajubalis belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsində irəliləyiş üçün müəyyən məkan var - Audronyus Ajubalis (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar və bək-qraund əlavə olunub (ilk xəbər saat 11:41-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir S.Ağayeva/

Dağlıq Qarabağ münaqişəsində irəliləyiş üçün müəyyən məkan var. Trend-in məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədri, Litva XİN rəhbəri Audronyus Ajubalis belə hesab edir.

"Əgər gərginlik ocaqları və dondurulmuş münaqişələr olmasaydı, proseslər daha sürətlə gedə bilərdi. Dağlıq Qarabağ problemini götürsək, şəxsən mən Soçi görüşündən sonra (Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü) irəliləyiş üçün müəyyən məkanın mövcudluğuna əmin oldum. Minsk qrupu həmsədrlərinin tez-tez tənqid olunmalarına baxmayaraq, işləyir. Ona görə tənqid edirlər ki, onun fəaliyyəti haqqında məlumata malik deyillər", - Ajubalis DELFI agentliyinə müsahibəsində bildirib.

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyan Soçi yaxınlığındakı Krasnaya Polyana dağ-xizək kurortunda danışıqlar aparıblar.

Soçidəki danışıqların yekunları üzrə prezidentlər Dağlıq Qarabağ nizamlanmasına dair birgə bəyanat qəbul ediblər. Sənəddə "bütün mübahisəli məsələlərin dinc yolla həll edilməsi və ATƏT MQ-nin həmsədrlərinin himayəsi altında, tərəflərin iştirakı ilə atəşkəs xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə mümkün insidentlərin araşdırılmasına" cəhd qeyd olunur.

Ajubalisin fikrincə, həmsədrlərin Rusiya prezidentinin vasitəçiliyi ilə təklif etdikləri irəliləyiş üçün ciddi bazadır.

"Lakin Minsk qrupu tərəflərin problemlərini həll etmir. O, istənilən planı təklif edə bilər, lakin əgər bütün tərəflərin siyasi iradəsi olmasa, heç kim vəziyyəti həllə doğru irəlilədə bilməz", - ATƏT-in fəaliyyətdə olan sədri bu yaxınlarda Cənubi Qafqaza səfərindən sonra verdiyi müsahibəsində bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ajubalis, həmçinin münaqişə tərəflərinə - Ermənistan və Azərbaycana qoşunların təmas xəttindən snayperlərin çıxarılması haqqında təklifini də şərh edib.

Belə təklifə onlar etimada doğru kiçik addım kimi baxırlar.

"Tərəflərin heç birinə snayperlər nə hərbi, nə də siyasi uğur gətirmirlər. Əksinə, əgər onlar çəkilsələr, bu, müsbət nəticə olar. Mən Ermənistana nümunə göstərmək üçün birtərəfli qaydada snayperlərin çıxarılmasını təklif etdim, lakin Azərbaycanda olduğu kimi rədd cavabı aldım", - Ajubalis bildirib.

Fəaliyyətdə olan sədr Soçidə hər iki tərəfin təmas xəttində insidentlərin araşdırılmasına imkan verə biləcək məsləhətləşmələrə başlamaqla bağlı razılığın əldə olunmasını müsbət fakt adlandırıb. Onun sözlərinə görə, artıq Dağlıq Qarabağ üzrə nümayəndəsinə bu hadisələri araşdırmağı tapşırıb.

"Orada (Azərbaycan və Ermənistanda) olarkən, həmçinin hər iki tərəfin güclü şəkildə silahlanması ilə bağlı həddindən artıq narahat olduğumu bildirdim. Bu, etimadın yoxluğunu göstərir, danışıqlar isə yalnız gərginlik olmadığı zaman aparılır", - Ajubalis bildirib.

Xəbər lenti

Xəbər lenti