Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin və AŞPA-nın Gender bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva BMT baş katibinin müavini xanım Aşa Rouz Miqiro ilə görüşüb.
Trend-in məlumatına görə, görüş İsrailin Hayfa şəhərində "Elm, texnologiya və innovasiya: Qadın və qızlar üçün təhsil və treyninq" Qadın Liderlərin Beynəlxalq Konfransı çərçivəsində baş tutub.
Millət vəkili Paşayeva BMT baş katibinin müavini Miqiroya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılmasını, ermənilərin işğal altında olan Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini əks etdriən materialları təqdim edib.
Paşayeva bildirib ki, bütün azərbaycanlılar BMT rəhbərliyindən təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözləyirlər.
Millət vəkili 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT rəhbərliyindən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini də Miqironun diqqətinə çatdırıb.
Paşayeva BMT baş katibinin müavinindən 20 ilə yaxındır öz ev-eşiyinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün qadınların pozulmuş haqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını xahiş edib.
Miqiro qaçqın və məcburi köçkün qadınlarla bağlı fikir mübadiləsinin onun üçün əhəmiyyətli olduğunu bildirib və onların problemlərinin həlli istiqamətində öz səylərini artıracağını deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.