Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/
BMT-nin aidiyyəti qurumları işğal edilmiş Azərbaycan ərazilərində narkotik istehsalı ilə bağlı məlumatları hesabatlarına daxil etmirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda "Norkomanlıqla mübarizə hər birimizin vəzifəsidir" adlı konfransda çıxışında Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.
"Biz bununla bağlı dəfələrlə onlara müraciət etsək də, buna nail ola bilməmişik", - Həsənov deyib.
Onun sözlərinə görə, BMT-nin Vyana Ofisi bir müddət əvvəl bununla bağlı monitorinq keçirmək istəsə də, Ermənistan buna icazə verməmişdi.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.