...

Ukrayna jurnalının xüsusi buraxılışı Ermənistanın səfirinin öz hökuməti qarşısında hesabatıdır - Ukrayna XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2011 15:45 (UTC +04:00)
Ermənistanın Azərbaycana ərazi iddialarının və Dağlıq Qarabağın saxtalaşdırılmış tarixinin öz əksini tapdığı Ukraynanın "Imidj.ua" jurnalının xüsusi buraxılışı Ermənistanın səfirinin öz ölkəsinə hesabat verməsi üçün atılmış bir addımdır.
Ukrayna jurnalının xüsusi buraxılışı Ermənistanın səfirinin öz hökuməti qarşısında hesabatıdır - Ukrayna XİN

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir S.Ağayeva/

Ermənistanın Azərbaycana ərazi iddialarının və Dağlıq Qarabağın saxtalaşdırılmış tarixinin öz əksini tapdığı Ukraynanın "Imidj.ua" jurnalının xüsusi buraxılışı Ermənistanın səfirinin öz ölkəsinə hesabat verməsi üçün atılmış bir addımdır. Ukrayna XİN belə hesab edir.

"Ermənistanın Ukraynadakı səfirliyinin dəstəyi ilə kommersiya məqsədləri üçün çap edilən və üst qabığında "Ermənistanın Ukraynadakı səfirliyi" sözlərinin yazıldığı "Imidj.ua" jurnalının xüsusi buraxılışı Ermənistanın səfirinin öz hökuməti qarşısında bir növ hesabatı olduğunu əyani şəkildə sübut edir", - Ukrayna XİN-in Azərbaycanın bu ölkədəki səfirliyinin etiraz notasına cavabında deyilir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Kiyevdəki diplomatik missiyasından məlumat verilib.

Azərbaycan bu günlərdə Ukraynaya bu ölkənin "Image" jurnalının xüsusi buraxılışında Azərbaycan əleyhinə materialların dərc olunması ilə bağlı etiraz notası təqdim edib. Trend-in məlumatına görə, bu barədə bir müddət əvvəl Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov bildirib.

Ukraynanın beynəlxalq iş jurnalı "Image" Ermənistanın Ukraynadakı səfirliyinin yardımı ilə xüsusi nömrə buraxıb. Buraxılış tamamilə Ermənistana və Dağlıq Qarabağın separeatçı rejiminə həsr edilib, bununla yanaşı, Azərbaycan əleyhinə materiallar və saxtalaşdırılmış məlumatlar dərc olunub.

Diplomat qeyd edib ki, Azərbaycan, naşirlərin özlərinin məlumatına görə, guya "Ukrayna Prezidenti Administrasiyasının himayəsi ilə buraxılan" jurnalın əslində dələduzluqla məşğul olduğunu Ukrayna XİN-in diqqətinə çatdırıb.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın rəsmi mövqeyinin ölkə Prezidenti Viktor Yanukoviç tərəfindən dəfələrlə səsləndiyi kimi, Ukrayna Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həll olunmasının tərəfdarıdır", - Ukrayna XİN-dən Azərbaycanın bu ölkədəki səfirliyinə bildirilib.

"İmidj.ua" jurnalının rəhbərliyi Azərbaycanın Kiyevdəki diplomatik missiyasının müraciətinə cavabında bəyan edib ki, jurnalın qeyd olunan sayındakı bütün materiallar Ermənistan səfirliyi tərəfindən təmin edilib və Azərbaycan səfirliyi ilə redaksiya arasında yaranmış münaqişəni aradan qaldırmaq üçün jurnalın buraxılışı satışa çıxarılmayacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti