...

Millət vəkili: ATƏT-in Minsk qrupunun üzvü kimi İsveç Dağlıq Qarabağ probleminin həllində öz səylərini artırmalıdır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2011 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Hacıyev/

ATƏT-in Minsk qrupunun üzvü kimi İsveç Dağlıq Qarabağ probleminin həllində öz səylərini artırmalıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva İsveçə səfəri zamanı İsveç parlamentinin Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədr müavini, Liberal Partiyasının idarə heyətinin üzvü Karl Hamiltonla görüşü zamanı deyib.

Görüş zamanı millət vəkili Karl Hamiltona Azərbaycanın tarixi, bütün müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulması, ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsi barədə məlumatlar verib. O, Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz yurd-yuvasına dönə bilməməsi barədə söz açıb. Paşayeva BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin rəsmi Yerevan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə də məlumatlar verib.

Paşayeva Azərbaycanın iqtisadı inkişafı, müstəqillik illərində əldə etdiyi uğurlar, Avropaya inteqrasiya istiqamətində görülən işlər, həyata keçirilən islahatlar, gender bərabərliyi, Azərbaycanda qadınların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında iştirak göstəriciləri barədə də məlumatlar verib və bu istiqamətdə Karl Hamiltonu maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Millət vəkili Karl Hamiltona Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar təqdim edib.

Azərbaycan-İşveç parlamentlərarası əlaqələrin inkişafının vacibliyinə xüsusi toxunan millət vəkili Karl Hamiltonu Azərbaycana dəvət edib. İndiyə qədər Azərbaycanda olmadığını deyən Karl Hamilton Azərbaycanı görməkdən məmun olacağını deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti