Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın inkişafı onun bütün problemlərinin, o cümlədən ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə də çox böyük dəstəkdir. Bunu çərşənbə axşamı Trend-ə millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında tamamilə aydın şəkildə bəyan edib ki, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, Ermənistan işğal siyasətini uzatdıqca daha da böyük problemlərlə üzləşəcək.
"Prezidentin ərazi bütövlüyümüzün müdafiəsi üçün irəli sürdüyü təklifləri, mövqeyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini çox prinsipal edir", - millət vəkili deyib.
Mirzəzadə qeyd edib ki, bütövlükdə götürdükdə Prezidentin çıxışı Ermənistana bir çağırış idi, Ermənistanın qoşunlarını işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxardaraq özünün inkişafı və gələcəyi üçün bir şərait yaratmasına imkan idi.
"Bu çıxış bütün azərbaycanlıların mövqeyi idi, azərbaycanlıların bu günə, sabaha olan inamıdır. Hesab edirəm ki, məhz bu siyasət qısa bir zamanda Azərbaycan torpaqlarının işğaldan azad olmasına gətirib çıxaracaq", - Mirzəzadə qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.