...

20 ildir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərinin hüquqları pozulmaqdadır - azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2012 22:10 (UTC +04:00)
20 ildir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərinin Avropa İnsan Haqları Konvensiyasında da əksini tapmış hüquqları Ermənistan tərəfindən pozulmaqdadır.
20 ildir ki,  azərbaycanlı qaçqın və məcburi köçkünlərinin hüquqları pozulmaqdadır - azərbaycanlı deputat

Fransa, Strasburq, 24 yanvar /Trend, müxbir A. Məhərrəmli/

20 ildir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərinin Avropa İnsan Haqları Konvensiyasında da əksini tapmış hüquqları Ermənistan tərəfindən pozulmaqdadır. Trend-in məlumatına görə, bu fikirləri çərşənbə axşamı AŞ PA-nın qış sessiyası çərçivəsində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov "Avropa İnsan Haqları Konvensiyasının (AİHK) effektivliyi" mövzusunda çıxışında deyib.

"Belə kədərli aforizm var ki, bir nəfərin ölümü faciədir, min nəfərin ölümü statistika. Həmin ifadəni bir qədər başqa müstəviyə tətbiq etsək, belə də demək olar ki, 1 və bir neçə nəfər insanın haqlarının pozulması dərhal kəskin reaksiya verilərək təxirə salmadan aradan gütürülməli naqislikdirsə, 1 milyon insanın AİHK-da əksini tapmış əksər haqlarının illər boyu mütəmadi şəkildə pozulması sadəcə statistikadır; belə ki, bu statistika ilə bağlı vaxtaşırı danışaraq konkret iş görməyə tələsməmək də olar. Ancaq belə bir arzuolunmaq gerçəklik hamımızın gözü qarşısında artıq 20 ildir ki, sistemli şəkildə baş verməkdədir.

Ermənistan və ona havadarlıq edın qüvvələr tərəfindən ərazilərinin 20 faizi zəbt edilmiş, 1 milyon insanı qaçqına və məcburi köçkünə çevrilmiş Azərbaycan bu vətəndaşlarının pozulmuş və hər gün pozulmaqda davam edən hüquqlarının bərpası üçün əvvəki dövrləri bir kənara qoysaq belə, son 12 ildə -- Avropa Şurasına və Avropa İnsan Haqları Məhkəməsinə üzv olduğu, Avropa İnsan Haqları Konvensiyasına tərəfdar çıxdığı müddətdə də real nəticələrə şahid olmaq əvəzinə ümumi sözlər eşidib. Doğrudur ATƏT-in Minsk qrupu da, Avropa Şurası da münaqişənin həlli üçün ardıcıl müzakirələr aparır, səlahiyyətləri çərçivəsində addımlar atır. Lakin nə ciddi irəliləyiş var, nə də bu gedişlə yaxın zamanda arzu olunan nəticəyə çatmağa ümid və inam. Ən elemantar insani hüquqları pozulmuş, rahatlığını, sağlamlığını, insan kimi normal yaşamaq imkanını, ev-eşiyini, illərcə əldə etdikləri varidatını itirmiş Azərbaycan qaçqın və məcburi köçkünləri ən yuxarıdakı son ümid yerlərindən biri kimi Avropa İnsan Haqları Məhkəməsinə də müraciət etmişlər. Və onların müraciəti sırf Avropa İnsan Haqları haqda Konvensiyasına əsaslanır" - Hüseynov deyib.

R. Hüseynov çıxışında qeyd edib ki, məhkəmənin prioritet siyasəti hesab edilən "ən mühüm insan haqları pozuntularına ilk növbədə diqqət yetiriməsi məsələsi" həqiqətən ön sırada dayanmalıdır.

"Avropa İnsan Haqları Məhkəməsi bir neçə ölkənin Məhkəmə tərəfindən qərarları yerinə yetirməkdə ləngdiyindən narahatdır. Təbii ki, biz də həmin narahatlığı bölüşürük və bu fikirdəyik ki, nəticə etibarı ilə ümumi işə ziyan verən belə hallar təxirə salınmadan aradan getməlidir. Lakin daha mühüm olan problem bundan ibarətdir ki, Məhkəmənin prioritet siyasəti hesab edilən "ən mühüm insan haqları pozuntularına ilk növbədə diqqət yetiriməsi məsələsi" həqiqətən ön sırada dayansın. Əgər belə olarsa, onda Azərbaycanın Ermənistan tərəfindən məcburi qaçqına və köçkünə çevrilmiş 1 milyon insanının da pozulmuş hüquqlarının bərpası yolunda nəzərəçarpacaq nəticələr əldə olunacağına real ümid artacaqdır. Rəva görməyin ki, milyonlara insanın ümidləri boşa çıxaraq itsin" - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti