...

Azərbaycanın millət vəkili Türkiyə telekanallarına Xocalı soyqırımı ilə bağlı məlumat verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Türkiyənin televiziya kanallarına Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərlə bağlı məlumat verib.

Trend-in məlumatına görə, millət vəkili "CNN Türk"ün canlı yayımında, SHOW TV, NTV, Kanal 7, Kanal A, FOX TV, TRT, TRT AVAZ kanallarında Xocalı soyqırımından danışıb.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü olan Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili Xocalı soyqırımı, Dağlıq Qarabağ probleminin bütün türk dünyasının problemi olduğunu qeyd edib.

Taksim meydanında keçirilən "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı mitinq-yürüş barədə Paşayeva deyib ki, bu mitinq bir daha iki qardaş dövlətin birlik və bərabərliyini, Qarabağ probleminin, Xocalı soyqırımının bizim ortaq problemimiz, dərdimiz olduğunu hər kəsə bir daha nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti