Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir M.Əliyev/
Azərbaycan ATƏT-in Parlament Assambleyasında 2012-ci ildə təşkilata sədrlik edən İrlandiyanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlar atmağa çağırıb. Bu barədə Trend-ə bazar ertəsi Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, bu günlərdə Vyanada ATƏT PA-nın 11-ci qış sessiyası çərçivəsində ATƏT-ə sədrlik edən İrlandiyanın ATƏT PA-dakı nümayəndə heyəti ilə görüşdə də əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub.
Muradova qeyd edib ki, görüşdə İrlandiya fəaliyyətdə olan sədr kimi bu il ərzində görmək istədiyi və görə biləcəyi işlər barədə fikirlərini bölüşüb, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Parlament Assambleyasında iştirakı ilə bir sıra görüşlər və tədbirlər keçirmək istiqamətində təkliflərini irəli sürüb.
"Görüşdə bildirdim ki, fəaliyyət yalnız nümayəndə heyətlərinin üzvlərini bir araya gətirmək və onların biri-birini nə dərəcədə qəbul edib-etməməsini müşahidə etmək məqsədinə xidmət etməməlidir. İrlandiyanın sədrliyi və onun nümayəndə heyətinin ATƏT PA-dakı fəaliyyəti məsələyə daha qlobal yanaşmağa, münaqişənin həllinə töhfə verə biləcək tədbirlərə rəvac verməyə yönəlməlidir", - Muradova deyib.
Onun sözlərinə görə, görüşdə tərəflərin mövqeyinin biri-birinə yaxınlaşdırılması istiqamətində səyləri özündə əks etdirən tədbirlərin həyata keçirilməsi və bütün imkanlardan istifadə edərək işğalçı tərəfə müəyyən təzyiqlərin, onu konstruktiv mövqeyə gətirmək üçün müəyyən addımların atılmasının vacibliyi İrlandiyalı sədrin diqqətinə çatdırılıb.
"İrlandiya nümayəndə heyətinin konkret bir nəticə əldə edilməsinə nail olmaq istəyi var. Bu istəyin olmasından istifadə edərək biz də səylərimizi genişləndirməliyik və əməkdaşlığa hazır olmalıyıq", - vitse-spiker deyib.
Muradova vurğulayıb ki, cari il ərzində İrlandiya nümayəndə heyəti ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə yönələn ardıcıl görüşlər keçiriləcək.