...

Hyuston Universitetində Dağlıq Qarabağ münaqişəsinə dair ictimai forum keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2012 17:42 (UTC +04:00)
Azərbaycanlı Tələbələr Assosiasiyası (ATA) Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə həsr olunmuş ictimai forum təşkil etmişdir
Hyuston Universitetində Dağlıq Qarabağ münaqişəsinə dair ictimai forum keçirilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanlı Tələbələr Assosiasiyası (ATA) Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə həsr olunmuş ictimai forum təşkil etmişdir.

Trend-in Assosiasiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hyuston Universitetinin Universitet Mərkəzində keçirilən tədbirin əsas məqsədi tələbə heyətini Azərbaycanın tarixi barədə məlumatlandırmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin siyasi, sosial və etnik kökləri barədə ictimai müzakirələr üçün forum təşkil etmək olub.

Tədbiri açan ATA-nın prezidenti Mehriban Əfəndi bildirib ki, forum üç əsas mövzuya diqqət yönəldəcəkdir: Qafqazın etnik tarixi, Azərbaycanın müasir tarixi, habelə Sovet İttifaqının dağılması və Dağlıq Qarabağ münaqişəsinin kökləri.

Hyuston Universitetinin Siyasi Elmlər üzrə professoru Rayan Kennedi dondurulmuş münaqişələrin Sovet İttifaqının dağılmasının qalıqları olduğunu qeyd edərək, dövlətlərarası münaqişələrin siyasi, iqtisadi və sosial təsirləri barədə məlumat vermişdir. Daha sonra çıxış edən Yusif Ələsgərov Qafqazın etnik tarixi barədə təqdimat edərək, Cənubi Qafqazın müxtəlif dövrlərdə idarəçiliyi barədə danışmış, ermənilərlə azərbaycanlılar arasında etnik identiklik üstündə gedən mübahisələr haqda məlumat vermişdir.

ATA-nın təsisçisi və Hyuston Universitetinin məzunu Kamran Zahid öz çıxışında ötən əsrin ilk iki onilliyində Azərbaycanın bir ölkə olaraq üzləşdiyi çağırışlardan bəhs edərək, müasir Azərbaycan Respublikası ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası arasında parallellər aparmışdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və direktoru Yusif Babanlı öz təqdimatında Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə toxunaraq, tərəflərin arqumentləri, hazırda davam edən danışıqlarda beynəlxalq ictimaiyyətin rolu və mövqeyi barədə danışmışdır. Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi çıxış edərək, gələcəyə baxış və münaqişənin mümkün nəticələri barədə danışmışdır.

2006-cı ildə Kamran Zahid tərəfindən təsis edilmiş Azərbaycanlı Tələbələr Assosiasiyası Hyuston Universitetinin tələbələrini Azərbaycanın mədəniyyəti və tarixi barədə məlumatlandırmaq məqsədi daşıyır. Təşkilatın hazırki prezidenti Mehriban Əfəndi Bauer Biznes Kollecində Biznesin idarə edilməsi üzrə magistr təhsili alır. Forumun keçirilməsinə maliyyə dəstəyini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və ABŞ Azərbaycanlıları Şəbəkəsi vermişdir.

Xəbər lenti

Xəbər lenti