...

Estoniyanın Dağlıq Qarabağ probleminə münasibəti dəyişməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2012 20:54 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Estoniya parlamentinin sədri xanım Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Estoniyanın Dağlıq Qarabağ probleminə münasibəti dəyişməyib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Milli Məclisin sədri Oqtay Əsədov Estoniya parlamentinin sədri xanım Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Spiker bu səfərin ikitərəfli əlaqələrimizin inkişafına yeni impuls verəcəyinə inamını söyləyib. Qeyd edilib ki, qədim tarixi köklərə söykənən Azərbaycan-Estoniya münasibətləri dostluq xarakteri daşıyır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu barədə Trend-ə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

"Əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. 2009-cu ildə Estoniya Prezidentinin Azərbaycana, 2010-cu ildə isə Azərbaycan Prezidentinin Estoniyaya qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizdə yeni mərhələnin başlanğıcı olub. Bu səfərlər çərçivəsində ölkə başçılarının imzaladıqları birgə bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Bu sənədlərdə tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Lissabon sammitinin üç prinsipinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyini vurğulayıblar. Tərəflər bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT çərçivəsində davam edən səylərə, həmçinin Minsk qrupunun fəaliyyətinə istinad edərək, bu sahədə daha təsirli və qətiyyətli addımlar atılmasının zəruriliyini qeyd ediblər", - Əsədov deyib.

Milli Məclis sədri bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Təəssüf ki, beynəlxalq ictimaiyyət heç də həmişə bu insanların hüquqlarına lazımi diqqət yetirmir. Biz problemin ədalətli həllində dost Estoniyanın dəstəyinə ümid edirik.

Söhbətdə spiker qeyd edib ki, Azərbaycan-Estoniya münasibətləri təkcə siyasi deyil, iqtisadi, mədəni sahələrdə də inkişaf etməkdədir. Bu günədək ölkələrimiz arasında əməkdaşlığımızın hüquqi bazasını təşkil edən 15 sənəd imzalanıb. Son dövrlərdə qarşılıqlı kapital qoyuluşlarının həcmi artmaqdadır. Biznes-forumların keçirilməsi ticarət dövriyyəsinin həcminin artmasına öz təsirini göstərə bilər.

"Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Belə hesab edirik ki, təkcə enerji sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün geniş imkanlar var", - o deyib.

Bildirilib ki, müasir dünyada parlament diplomatiyası böyük rol oynayır. Bu baxımdan, Azərbaycan Estoniya parlamenti ilə əlaqələrin dərinləşməsində maraqlıdır. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərirlər. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Estoniya parlamentinin sədri xanım Ene Erqman ölkəmizə ilk dəfə səfər etdiyini bildirib. O, Azərbaycanda gördüyü inkişafdan və ölkə parlamentində olmağından məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Estoniya Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir və Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir.

Parlamentlər səviyyəsində əlaqələrin inkişafı baxımından qonaq qarşılıqlı səfərləri və komitə üzvlərinin birbaşa görüşlərini önəmli hesab edir.

Qəbulda Dağlıq Qarabağ münaqişəsindən söz açan xanım Ene Erqman birmənalı şəkildə bildirib ki, onun ölkəsinin problemə münasibəti dəyişməyib. Onlar ölkə başçılarının imzaladıqları birgə bəyannamədəki müddəalara sadiqdirlər və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əli Hüseynli, ölkəmizin Estoniyadakı səfiri Tofiq Zülfüqarov, Estoniya parlamentinin bir qrup deputatı və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti