...

Araz Əzimov: Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlar dayanıb (ƏLAVƏ OLUNUB 2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2012 13:28 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlar dayanıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Araz Əzimov: Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlar dayanıb (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlar dayanıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Onun sözlərinə görə, hərdən bir ayrı-ayrı vaxtlarda həmsədrlər tərəfindən müxtəlif səviyyələrdə görüşlər keçirilir.

"Amma konkret bir zaman çərçivəsində və gündəlik əsaslarda, eyni bir komanda çərçivəsində konkret məsələləri həll etmək üçün müzakirə prosesi hazırda mövcud deyil", - Əzimov əlavə edib.

XİN rəsmisinin sözlərinə görə, həmsədrlərin vaxtaşırı səfərləri təbii ki, təsirli ola bilməz.

"Hər səfər zamanı onlar Azərbaycana gələrək bizim mövqeyimizi öyrənirlər. Həmsədrlər sonra Ermənistana gedib, orada da nəyisə eşidirlər. Sonra isə beynəlxalq təşkilatlarda, BMT və ATƏT-də müzakirələrin davam edildiyini söyləyirlər və bu istiqamətdə inkişaf əldə olunmadığı üçün, vakkumu doldurmaq üçün müxtəlif etimadqurucu tədbirlərdən danışırlar. Azərbaycanın bəzi təşəbbüsləri olub, lakin Ermənistan buna mənfi cavab verib", - Əzimov əlavə edib.

Onun sözlərinə görə, həmsədrlərin bəzi bəyanatları isə ümumiyyətlə, vəziyyətə uyğun gəlmir.

"Azərbaycan Dağlıq Qarabağ azərbaycanlılarının və onların erməni qonşularının bir yerdə görüşməsini təklif edəndə, Ermənistan tərəfi bunu rədd edir. Ona görə də, mən burada həm Ermənistan tərəfində, həm də həmsədrlərin özündə müvafiq spekulyasiyalar müşahidə edirəm", - Əzimov bildirib.

Onun sözlərinə görə, imkanlara uyğunlaşdırılmış təkliflər verilməli və həyata keçirilməlidir.

Əzimov deyib ki, ümumiyyətlə, həmsədrlərin vaxtaşırı regiona gəlmələri danışıqlar prosesi kimi göstərilə bilməz.

"Əvvəl danışıqlar prosesində tərəflərə təqdim olunan bəzi layihələr Ermənistan tərəfindən rədd olundu. Sonrakı durğunluq vəziyyətində yeni bir təklif verilmədi. Və ümumiyyətlə, Azərbaycanın təklif etdiyi yanaşma belədir ki, biz 2004-cü ildən müzakirə aparırıq. Bu müzakirələr çərçivəsində hansısa anlayışlara nail olduq, müvafiq aydınlıqlar var, prinsiplər var və bütün bu anlaşmalar kifayət edir ki, onların əsasında bilavasitə praktiki məsələləri həll etmək üçün konkret "Yol xəritəsi"ni düzəldək. Bu "Yol xəritə"si artıq konkret əməl görmək üçün, konkret addım atmaq üçün əsas olsun", - Əzimov bildirib.

Onun sözlərinə görə, lakin yenidən prinsiplərin razılaşdırılmasına, ondan sonra prinsiplərin instrumental, praktiki bir məcraya salınmasına, daha doğrusu, onların praktiki addımlara çevrilməsi üçün yenə də müzakirəyə başlansa, sülh prosesini əldə etmək üçün daha 20 il lazım olar.

XİN rəsmisi deyib ki, bunu kimsə gözləməyəcək.

"Azərbaycanın bu qədər gözləməyə vaxtı da yoxdur, səbri də. Məncə, elə bir vəziyyət heç kimi razı sala bilməz. Mənim öz təklifim konkret olaraq budur ki, bu vaxtadək əldə olunmuş aydınlıqlar və anlayışlarda beynəlxalq hüquq normaları və prinsiplərinə, beynəlxalq sənədlərə istinadlar var. Və onlar kifayət edir ki, bunun əsasında "Yol xəritəsi"ni düzəldək və artıq "addımlar sənədi"ni hazırlayaq", - Əzimov deyib.

Nazir müavininin sözlərinə görə, kimlərinsə marağındadır ki, Azərbaycan səbri tükənən həddə çatsın, bununla bəlkə də hansısa bir böhran baş verə, yeni bir şərait yarana.

Əzimov hesab edir ki, hazırda müzakirələr mövcud olmadığından, buna bir təkan vermək üçün konkret yanaşmanı dəyişdirmək lazımdır. Prinsiplərin üzərində işi davam etdirmək heç kimə heç bir nəticə verməyəcək. Çünki vaxtı udmaq istəyən, işğal faktorundan istifadə edən Ermənistan məhz bu prinsiplərin sonsuz müzakirə olunmasında maraqlıdır.

"Digər tərəfdən, prinsiplərin qəbul edilməsi bizə torpaq qaytarmır. Prinsiplər praktiki dilə, sazişə çevrilməlidir. Özünüzü aldatmayın, əsas prinsiplər deyilən sənəd torpaqları bizə qaytarmır, ordan qovulan əhalini öz torpaqlarına qaytarmır, yalnız siyasi baxımdan vəziyyəti xırdalayır", - Əzimov deyib.

Xəbər lenti

Xəbər lenti