...

Mübariz Əhmədoğlu: Kürəkən Mikail Minasyanın səfir təyinatının təməl məqsədi Azərbaycanla Vatikanın isti münasibətlərini neytrallaşdırmaqdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2013 12:36 (UTC +04:00)
Vatikanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə dəyişən mövqeyini neytrallaşdırmaq Ermənistan üçün son illərdə zərurətə çevrilib. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri,politoloq Mübariz Əhmədoğlu bildirib.
Mübariz Əhmədoğlu: Kürəkən Mikail Minasyanın səfir təyinatının təməl məqsədi Azərbaycanla Vatikanın isti münasibətlərini neytrallaşdırmaqdır

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/

Vatikanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə dəyişən mövqeyini neytrallaşdırmaq Ermənistan üçün son illərdə zərurətə çevrilib. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

O qeyd edib ki, Azərbaycan rəhbərliyinin, xüsusilə Heydər Əliyev Fondunun Vatikanla reallaşdırdığı layihələr müsbət nəticələr verib.

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksəkçinli Vatikan rəhbərliyi ilə qarşılıqlı faydalı əməkdaşlıq edən və onlar tərəfindən qəbul edilən ilk müsəlman xanımdır", - politoloq deyib.

Onun fikrincə, fevralın 18-də keçirilmiş seçkilərin hüquqi və siyasi dəyərləndirilməsi başa çatmamış Serj Sərkisyanın Vatikanda yeni səfirlik yaratması və kürəkənini səfir təyin etməsi bu kontekstdə gözlənilən idi.

"Vatikan rəsmilərinin Qarabağ məsələsini tezliklə həll etməklə bağlı Serj Sərkisyana ən azı, iki dəfə ciddi tövsiyə vermələri haqqında həqiqətə yaxın ehtimallar mövcuddur. Vatikanın mövqeyindəki dəyişikliyin Avropaya sirayət etməsi Sərkisyanın Dağlıq Qarabağ siyasətini iflasa uğradır və o, hərtərəfli əliboş qalacaqdır", - Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Mikail Minasyan Vatikanın Dağlıq Qarabağ məsələsində dəyişən mövqeyini neytrallaşdıra bilərsə, bu onun gələcək inkişafı və prezidentlik kariyerası üçün mühüm təməl olacaqdır.

"Yox əgər, Vatikan və Avropa Qarabağ məsələsində Sərkisyanın iradəsinin əleyhinə gedəcəksə, Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsinin ermənilərin ziyanına olan variantının bütün neqativliyini öz üzərinə götürməklə, Avropada yaranmış müsbət imici kürəkəni Minasyana "hədiyyə" edəcəkdir", - Əhmədoğlu deyib.

O hesab edir ki, bütün hallarda indiki təyinat Minasyan üçün faydalıdır. "Dağlıq Qarabağın taleyinin müəyyən olunmasında mühüm statusa malik olmaq Minasyana Vatikandan Ermənistanın daxili işlərinə müdaxilə etməyə imkan verəcəkdir. O, Ermənistanın istənilən strukturuna Qarabağ tənzimlənməsi naminə göstəriş vermək səlahiyyətinə malik olacaqdır", - politoloq vurğulayıb.

O qeyd edib ki, Minasyanın "fəxri sürgün"ə getməsilə bağlı yazılanları ciddi qəbul etmək düzgün olmazdı.

Əhmədoğlu deyib ki, Minasyan Vatikana səfir təyin olunacağını və ölkə prezidentliyinə gətirilməsində bu təyinatın mühüm rol oynayacağını öncədən bilirdi.

"Bu iş külli miqdarda vəsait tələb etdiyi üçün Minasyanın maliyyələşdirdiyi qəzetlər üçün maddi problemlərin yaranması da gözlənilən idi. Bu təyinatı ilə Sərkisyan həm də ölkədaxili qüvvələrə mesaj vermiş olur: müxalifət mitinqlərinin heç bir əhəmiyyəti yoxdur. Sərkisyan indi 2013-cü ilin deyil, 2018-ci ilin prezident seçkilərinin taleyi ilə maraqlanır", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Sərkisyan bu addımı ilə indidən öz varisini müəyyənləşdirməklə yanaşı həm də Ermənistanın gələcək inkişaf kursunu da nümayiş etdirir.

Əhmədoğlu bildirib ki, "Moskva ermənisi" hesab olunan M.Minasyanın Vatikana səfir təyin olunması Ermənistanın gələcək istiqamətinin Avropaya doğru olacağına mesajdır.

"Başqa sözlə,Sərkisyan Ermənistanın avrointeqrasiya siyasətini davam etdirəcəyini bildirməklə yanaşı, Moskvaya qəti "yox" deməyin vaxtının çatmadığının mesajını da verdi. Moskvaya səfər tarixini Brüsseldə Avropa Xalq Partiyasının qurultayından qabağa salmaqda öz ssenarisini reallaşdıran prezident S.Sərkisyan bu mesajı Avropaya çatdıracaq. Rusiyanın S.Sərkisyanı martın 15-dək saxlaması mümkün deyil", - Əhmədoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti