...

Rusiyalı politoloq: Dağlıq Qarabağ münaqişəsində qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2013 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qüvvələr nisbəti son dərəcə Azərbaycanın xeyrinə dəyişib. Bu barədə Trend-ə çərşənbə axşamı açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Serqey Markov bildirib.

"Hazırda Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistanla Azərbaycan arasında qüvvələr nisbəti 15 il bundan əvvəlki kimi deyil. O vaxtdan etibarən qüvvələr nisbəti çox dəyişib və Azərbaycan Ermənistandan daha da güclü olub", - Markov deyib.

Onun sözlərinə görə, münaqişənin hərbi yolla həlli ölkə iqtisadiyyatının sabitliyini poza bilər.

"Azərbaycanın iqtisadiyyatı isə elə bir alətdir ki, onun köməyi ilə ölkə daim qüvvələr nisbətini öz xeyrinə dəyişir", - o vurğulayıb.

Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsini nəzəri olaraq hərbi yolla həll etmək olar, amma praktikada bu variant öz-özünü məhv edir.

"Münaqişənin sülh yolu ilə həll olunmasında erməni diasporunun güclü təsirə malik olduğu ABŞ və Fransa iştirak edir və buna görə münaqişənin sülh yolu ilə həlli də çətinləşir. Bunun üçün Azərbaycan daha qeyri-standart yol seçməlidir", - Markov bildirib.

Politoloq qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında humanitar və iqtisadi əlaqələrin tədricən yaradılmasının tərəfdarıdır.

"Biz buna kömək etməyə hazırıq. Lakin burada yalnız Rusiyanın deyil, ABŞ və Avropa İttifaqının da vasitəçiliyinə ehtiyac var. Bizim məqsədimiz hərbi fəaliyyətin qarşısını almaqdır. Bununla yanaşı, münaqişə dondurulmuş vəziyyətdə qalmamalı, problemin nizamlanmasındakı vəziyyət müsbət istiqamətdə getməlidir", - Markov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti