Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanda saxlanılan iki erməni mülki şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında bu gün Ermənistana qaytarılıb.
BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bir qadın və bir kişi Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda Ermənistan rəsmilərinə təhvil veriliblər.
Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri mülki şəxslərin saxlanma şəraitini və onlarla necə davranıldığını qiymətləndirmək üçün onlara baş çəkiblər.
BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı olub. Hər iki mülki şəxs BQXK nümayəndələrinə könüllü olaraq geri qayıtmaq istədiklərini bildiriblər.
Qeyd edək ki, martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16:50-də, martın 17-də isə Ermənistanın İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16:20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıblar.