Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/
1 iyul 2013-cü il tarixə olan məlumata əsasən, 4033 nəfər itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyatdadır. Onlardan 46-sı uşaq, 255-i qadın, 353-ü qocadır.
Trend xəbər verir ki, bunu Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov işçi qrupuna ünvanlanmış bir sıra suallara elektron qaydada verdiyi cavabında bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşları barədə son statistik məlumatları açıqlayan işçi qrupunun rəhbəri qeyd edib ki, itkin düşmüş 4033 nəfərdən 877 nəfərinin (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir və girov götürülməsi, işğal edilmiş ərazilərdə sağ-salamat qalması, lakin ermənilərin bunu danması barədə Dövlət Komissiyasında konkret faktlar var.
Onun sözlərinə görə, münaqişənin başlandığı vaxtdan bu günə kimi 1402 nəfər əsir və girovluqdan azad edilib:
"Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri, Fərəcov Firuz Mirzə oğludur".
İşçi qrupunun rəhbəri qeyd edib ki, Azərbaycanda 5 nəfərdən ibarət bir erməni ailəsi saxlanılır. Bu ailənin başçısı Gevorkyan Yeqişe Petrosoviç 10 yanvar 2010-cu il tarixdə ailə üzvləri (3 uşaq və həyat yoldaşı) ilə birlikdə xarici ölkələrdən birinə getmək məqsədilə idarə etdiyi maşınla Azərbaycan ərazisinə keçib və Ermənistana qayıtmaqdan imtina edir.
Dövlət Komissiyası əsir və girovların azad edilməsi, itkinlərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində işləyir.
Sadıqov əlavə edib: "Biz itkinlərin axtarışı istiqamətində əlimizdən gələni etməyə çalışırıq və bunun müsbət nəticəsini də görürük. Lakin yuxarıda qeyd etdiyim kimi, bütün itkinlər bu gün Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdə itdiyi üçün bizim o ərazilərdə axtarış aparmaq imkanlarımız da məhduddur".