...

Türkiyənin Fırat Universitetində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2014 18:58 (UTC +04:00)
Türkiyənin Elazığ şəhərindəki Fırat Universitetində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
Türkiyənin Fırat Universitetində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Türkiyənin Elazığ şəhərindəki Fırat Universitetində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

Mərasimdə universitetin rektoru professor Kutbeddin Demirdağ, rektor köməkçisi Nuri Orxan, professor və müəllim heyəti, millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak ediblər.

Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayan konfransda millət vəkili Q.Paşayevanın həmmüəllifi olduğu "Xocalı soyqırımı" filmi nümayiş etdirilib.

Filmin nümayişi zamanı göz yaşlarını saxlaya bilməyən millət vəkili çıxış edərkən "bütün bu hadisələrin baş verdiyi dövrün şahidi olaraq bu filmlərə baxmaq mənimçün çox çətindir" deyib. Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva Elazığın Azərbaycana verdiyi önəmi yüksək qiymətləndirib: "Qarabağın işğalı edilmiş ərazisi olan Xankəndi adına məhəllənin olması, SSRİ dövründə təqiblərə məruz qalan və Elazığa gələn Almas İldırım, Türk dünyasının böyük şairi olan Bəxtiyar Vahabzadənin adlarına küçələrin olması, Azərbaycan adlı parkın salınması bir azərbaycanlı olaraq məni çox duyğulandırdı. Ermənistanın 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq".

Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Q.Paşayeva beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edərək deyib: "Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir".

Q.Paşayeva harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanının Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalı olduğunu dilə gətirib: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır." Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili gəncliyi Türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir", - ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: "Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər".

O, həmçinin bildirib ki, nənələrimizin, "görməsək də duymasaq da o köy bizim köyümüzdür" sözlərini rəhbər tutaraq Dağlıq Qarabağı, o gözəl torpaqları: Xankəndini, Laçını, Şuşanı birlik və bərabərlik içində Ermənistan işğalından azad etməliyik.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq". Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Fırat Universitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağ Elazığ üçün Azərbaycanın çox böyük önəm daşıdığını, Azərbaycanın acısının ortaq acı olduğunu dilə gətirib. O bildirib ki, Azərbaycanın gözəl bölgələrindən olan Dağlıq Qarabağın bərabərlik içində işğalda azad ediləcəyinə inanır.

Həmçinin rektor universitetdə 60-dan çox azərbaycanlı tələbənin təhsil aldığını onların Elazığda heç də qəriblik çəkmədiyini dilə gətirdi.K. Demirdağ onların həm universitetin, həm də Elazığın mədəni işlərində fəal olduğunu dedi.

Sonda Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları universitetin kitabxanasına bağışlayıb. Eyni zamanda Fırat Universitetinin rektoru Kurbettin Demirdağa Azəraycanın tarixi və incəsənətinə həsr olunmuş hədiyyələr təqdim edilib. Rektorda öz növbəsində millət vəkili Qənirə Pşayevaya xatirə plaketi hədiyyə edib.

Azərbaycanlı tələbələrə müəllifi və həmmüəllifi olduğu kitabları imzalayan millət vəkili onların suallarını cavablandırıb,xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, konfransda millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti