...

Politoloq: Dağlıq Qarabağ ermənilərinin təbii qazla təmin edilməsi məsələsi geosiyasətlə toqquşa bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2014 15:20 (UTC +04:00)
Dağlıq Qarabağ ermənilərinin təbii qazla təmin edilməsi məsələsi geosiyasətlə toqquşa bilər. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.
Politoloq: Dağlıq Qarabağ ermənilərinin təbii qazla təmin edilməsi məsələsi geosiyasətlə toqquşa bilər

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Dağlıq Qarabağ ermənilərinin təbii qazla təmin edilməsi məsələsi geosiyasətlə toqquşa bilər. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin mövqelərinin iflası təkcə ATƏT-in Minsk qrupu müstəvisində baş tutmayıb. Gömrük İttifaqı da Dağlıq Qarabağ məsələsində ermənilərin arzusunu gözündə qoyub: "Avrasiya İqtisadi Komissiyasının İnkişaf və İnteqrasiya departamentinin beynəlxalq qarşılıqlı təsir şöbəsinin rəisi Andrey Azarov Moskva-Minsk-Astana-Yerevan telekörpüsündə bildirib ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü bu ölkənin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində baş tutacaqdır. Başqa sözlə, Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında sərhəd-gömrük məntəqələri qurulmalıdır. Qazaxıstanın həmin telekörpüdə iştirak edən təmsilçiləri də Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyinin əleyhinə çıxdılar".

Mərkəzin direktoru deyib ki, bu il iyunun 1-dən etibarən Ermənistan hər an özünün xarici sərhədlərində gömrük postları ilə rastlaşa bilər: "Rusiya Ermənistanın sərhədlərini çoxdan müəyyənləşdirmək və həmin sərhədlər daxilindəki Ermənistana təhlükəsizlik təminatı vermək planlarına malikdir. Eləcə də Rusiya ilə Ermənistan arasında imzalanmış qaz müqaviləsində də Rusiyanın razılığı olmadan Ermənistanın həmin qazı ölkə sərhədindən çıxarmağa ixtiyarı yoxdur. Beləliklə, iyunun 1-dən etibarən Rusiyanın Ermənistana nəql etdiyi qaz Ermənistanın ərazisindən kənara çıxacaqsa, buna Rusiya məsuliyyət daşıyır. İndiki dövrdə Rusiyanın Azərbaycanın əleyhinə addımlara getməsi mümkün deyil, ona görə də müəyyən müddət fasilə verildikdən sonra Ermənistandan tələb olunacaq ki, Rusiya qazının Ermənistandan kənara - Dağlıq Qarabağa nəqlinin qarşısı alınmalıdır. Müəyyən müddət fasilə dedikdə, bir neçə ay nəzərdə tutulur. Çox böyük ehtimalla qarşıdan gələn qışda Dağlıq Qarabağ Rusiyadan gələn qazdan məhrum olacaq. Bu isə artıq Dağlıq Qarabağda yeni vəziyyətin yaradılması deməkdir".

Politoloq hesab edir ki, Dağlıq Qarabağ erməniləri bu vaxtadək apardıqları siyasətin puç olduğunu başa düşəcəklər, yaranmış təşviş doğuran vəziyyət Ermənistana və dünya ermənilərinə də təsir edəcək. Çünki bu ərəfədə İran qazının Dağlıq Qarabağa nəql olunması da mümkün deyil: "Əvvəla, İranın və Ermənistanın özünün qaz nəqli infrastrukturu yoxdur. Ermənistandakı qaz kəmərləri şəbəkəsi Rusiyaya məxsusdur. Rusiyanın imzaladığı qaz müqaviləsində bu da nəzərdə tutulub. İkincisi, rəsmi Bakı ilə münasibətlərə ciddi ehtiyac duyan rəsmi Tehranın indi belə addım atması mümkün deyil. Bundan əlavə, İran Ermənistandakı layihələrini də dayandırmağa başlayıb. Dağlıq Qarabağ ermənilərinin qışda təbii qazla təmini yalnız bir halda mümkündür - Azərbaycan öz ərazisindən Rusiya qazının tranzitinə icazə verməlidir. Bu mümkün variantdır. Azərbaycanla Rusiya arasındakı münasibətlər Rusiya qazının indiki infrastruktur vasitəsilə Dağlıq Qarabağa nəqli üçün müvəqqəti razılaşmanın əldə olunmasına imkan verir. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin yaydığı məlumatda "naməlum ölkə"yə qaz ixracından danışılır. Onlar Dağlıq Qarabağa "naməlum ölkə" adı ilə indi qaz ixrac edə bilsələr də, yaxın gələcəkdə bu mümkün olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti