...

Mübariz Əhmədoğlu: Fransua Olland yeganə prezidentdir ki, Azərbaycan və Ermənistandan kənarda, Gürcüstanda da Dağlıq Qarabağ tənzimlənməsindən danışdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2014 13:21 (UTC +04:00)
Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfərinin tarixiliyi orasındadır ki, güclü erməni diasporunun mövcud olduğu ölkənin ermənilərlə sıx işbirliyində olmuş Prezidenti Cənubi Qafqaz regionu turnesini Azərbaycandan başladı.
Mübariz Əhmədoğlu: Fransua Olland yeganə prezidentdir ki, Azərbaycan və Ermənistandan kənarda, Gürcüstanda da Dağlıq Qarabağ tənzimlənməsindən danışdı

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfərinin tarixiliyi orasındadır ki, güclü erməni diasporunun mövcud olduğu ölkənin ermənilərlə sıx işbirliyində olmuş Prezidenti Cənubi Qafqaz regionu turnesini Azərbaycandan başladı. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, bu, Fransanın Azərbaycana verdiyi qiymətdir: "Bu, həm də Azərbaycanın qazandığı dəyərdir. Bu həm də gənc Azərbaycan dövlətinin dünyanın geosiyasi reallıqlarını dəyişə bilmək bacarığının göstəricisidir. Fransa ermənipərəstlikdən özbaşına uzaqlaşıb Azərbaycana yaxınlaşmır. Ümummilli lider Heydər Əliyevin Avropa siyasətində Fransa xüsusi yer tuturdu. Fransa ilə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın hədsiz böyük rolu var".

M.Əhmədoğlu qeyd edib ki, 2013-cü ildə Fransa ilə Azərbaycanın ticarət dövriyyəsi 2 milyard dollar olduğu halda, Fransa ilə Ermənistanın ticarət dövriyyəsi 81,9 milyon dollar təşkil edib.

Onun sözlərinə görə, F.Ollandın Bakıda keçirdiyi görüşlərin təfsilatı vacib olsa da, bu səfərə regional turne kontekstindən baxmaq Azərbaycanın maraqlarına daha çox cavab verir: "F.Olland Dağlıq Qarabağ probleminin həllindən təkcə Azərbaycanda danışmadı. Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı onun Ermənistanda verdiyi bəyanatlar ermənilərin mövqeyinin yalan olduğunu sübut etmək üzərində qurulmuşdu. Ermənistanın Dağlıq Qarabağ münaqişəsində həll variantını F.Olland həqiqi həll variantı hesab etmir. Bununla da F.Olland kəskin surətdə ermənilərin əleyhinə getdi. F.Ollandın Dağlıq Qarabağ tənzimlənməsində digər vacib bəyanatını Gürcüstanda olarkən verdi. Gürcüstanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv olmağa çağıran F.Olland rəsmi Tbilisinin bu istiqamətdə addımlarına dəstək verəcəyini bildirdi. Bakıda imzalanan Fransa-Azərbaycan kosmik əməkdaşlıq məsələləri haqqında sənəd erməniləri narahat edir. Onların fikrincə, Fransa onlayn rejimdə yerüstü monitorinq aparmaq qabiliyyətinə malik köhnəlmiş iki peykini Azərbaycana satmaq niyyətindədir. Bu, Azərbaycana işğal olunmuş əraziləri, o cümlədən Ermənistan ərazisini onlayn rejimdə izləmək imkanı verir. Bu kontekstdə Ollandın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyini daha irəli getmiş mövqe hesab etmək mümkündür".

Politoloqun sözlərinə görə, yeri gəlmişkən, Fransanın ortalığa qoyduğu "soyqırım" məsələsində Ermənistana, Qarabağ tənzimlənməsində Azərbaycana dəstək" formulu bəzi dövlətlər tərəfindən də anlayışla qarşılanır: "F.Olland yeganə prezidentdir ki, regional turne çərçivəsində Azərbaycan və Ermənistandan kənarda, Gürcüstanda da Dağlıq Qarabağ tənzimlənməsindən danışdı. Gürcüstanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb etmək istəyir. F.Olland Gürcüstan Prezidenti Q.Marqvelaşvilini Fransaya dəvət etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti